Binəqədi Mərkəzi Mədəniyyət evinin açılışı keçirildi
Dekabrın 16-da paytaxtın Binəqədi rayonunda Mərkəzi Mədəniyyət evinin əsaslı təmirdən sonra açılış mərasimi keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Madər Musayev və rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Zivər Abbasova mədəniyyət ocağının fəaliyyəti barədə məlumat verdi. O, 1901-ci ildə inşa edilən binada ilk dəfə əsaslı təmir işlərinin aparıldığını, müasir tələblərə cavab verən şərait yaradıldığını diqqətə çatdırdı.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində son illər Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı istiqamətində mühüm işlər görülüb, çoxsaylı layihələr həyata keçirilib: "Bu gün qədim Binəqədi kəndində böyük ənənəyə malik olan Mədəniyyət evinin binası əsaslı təmirdən sonra qapılarını açır. İnanıram ki, bir əsrdən çox yaşı olan bu mədəniyyət ocağında formalaşmış ənənələr bundan sonra da davam etdiriləcək. Burada fəaliyyət göstərən instrumental ansambl, rəqs kollektivləri, xalq teatrı daha da yüksək nəticələr əldə edəcək. Gənc nəsil Azərbaycan mədəniyyətinin zənginliyini daha dərindən öyrənəcək".
Əbülfəs Qarayev qeyd etdi ki, ölkə iqtisadi cəhətdən nə qədər güclü olarsa, humanitar sahəyə, mədəniyyətə bir o qədər böyük diqqət ayırar. Təkcə bu il Bakı şəhərinin ətrafında yerləşən qəsəbələrdə 4 mədəniyyət evinin, 2 il ərzində Binəqədi rayonunda 3 musiqi məktəbinin yeni binası istifadəyə verilib.
Mədəniyyətimizin beynəlxalq aləmdə təbliğ olunmasından danışan nazir bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin hər bir vətəndaş üçün nümunə olduğunu vurğuladı: "Azərbaycan xalqının bir sıra mədəni irs nümunələri UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilərək bəşəriyyətin sərvətinə çevrilib. Bu sərvətlərin qorunması, inkişafı, tanıdılması və gələcək nəsillərə çatdırılması qarşımızda duran önəmli bir vəzifədir".
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son illər rayonda aparılan tikinti-quruculuq işlərindən, ölkəmizdə mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, əhalinin sosial-məişət şəraiti yaxşılaşdırılır, onların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi tədbirlər görülür.
Sonra tədbir iştirakçıları bina ilə tanış oldular. Diqqətə çatdırıldı ki, yeni üslubda təmir olunan mədəniyyət ocağı müasir avadanlıqlarla təmin edilib.
Daha sonra Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Pöhrə" rəqs qrupu və "Qönçə" instrumental ansamblının ifasında şux rəqslər və mahnılar təqdim olundu.
Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Binəqədi Mərkəzi Mədəniyyət evində 1940-cı illərdən kitabxana da fəaliyyət göstərib. Hazırda rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialı burada yerləşir.
F.Hüseynov