“İlk növbədə ölkələrimiz arasında bənzərlikləri ortaya qoymaq, qarşılıqlı təbliğatı gücləndirmək vacibdir”
Dekabrın 12-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Türkiyə Radio və Televiziya Qurumunun (TRT) baş direktoru Şenol Göka və TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslanla görüşdü. Görüşdə Azərbaycanın turizm potensialının TRT kanalları vasitəsilə təbliği, bu istiqamətdə görülməsi vacib işlər müzakirə olundu.
Nazim Səmədov bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin müvafiq qurumları ilə mədəniyyət və turizm sahəsində yüksək səviyyədə əməkdaşlıq edir, müxtəlif layihələr həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində ötən ay Azərbaycanda Türkiyə mədəniyyəti günlərinin keçirildiyini diqqətə çatdıran nazir müavini bu tədbirlərin TRT kanallarında geniş işıqlandırılmasından məmnunluğunu ifadə etdi: «Bu il Azərbaycanın turizm üzrə yeni marketinq strategiyası təsdiq olundu. Bu strategiyaya uyğun olaraq Türkiyə bizim üçün turizm baxımından prioritet ölkədir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı çoxlu tədbirlər planlaşdırır. Bu istiqamətdə həm təbliğat işlərinin görülməsi, həm də turizm şirkətlərini bir masa ətrafına toplayıb konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Biz prioritet seçdiyimiz ölkələrdə hər zaman özümüzə tərəfdaş tapır və Azərbaycanın turizm təmsilçiliyini ona həvalə edirik. Bu baxımdan istərdik ki, TRT kanallar şəbəkəsi ilə mövcud əməkdaşlığımızı daha da genişləndirək. Həmçinin Azərbaycanın mədəniyyəti və turizm potensialı Türkiyədə daha geniş təbliğ olunsun. Eyni zamanda qarşılıqlı olaraq Türkiyə turizmi və mədəniyyət nümunələri haqqında da Azərbaycanda daha çox məlumat yayılsın».
Nazir müavini bu günlərdə UNESCO-nun Hökumətlərarası Komitəsinin sessiyasında aparılan müzakirələrdən bəhs edərək ermənilərin lavaşı yalnız onlara məxsus mədəni irs nümunəsi olaraq təşkilatın siyahısına salmaq cəhdinin qarşısının birgə səylərlə alındığını vurğuladı: “Bu kimi hadisələr bir daha sübut edir ki, Azərbaycanla Türkiyə nə qədər bir yerdə olsa, biz o qədər güclü olacağıq”.
Nazim Səmədov Azərbaycanın mədəniyyət və turizminin Türkiyədə geniş təbliği və qardaş ölkədən ölkəmizə daha çox turist cəlb etmək üçün TRT kanalları ilə hansı formada əməkdaşlığın mümkünlüyü barədə baş direktorun fikirlərini soruşdu. Şenol Göka bildirdi ki, bunun üçün ilk növbədə bənzərlikləri ortaya qoymaq lazımdır. Onun fikrincə, qarşılıqlı təbliğatı gücləndirmək vacib şərtdir. İki ölkə ortaq mədəniyyət, adət-ənənələr, dil baxımdan eyni köklərə malikdir: “İlk növbədə bunları ortaya qoymaq, insanları bu bənzərlikləri görməyə həvəsləndirmək lazımdır. Azərbaycan bizim üçün əziz bir ölkədir. Biz özümüz üçün nə istəyiriksə, sizlərin də buna, hətta daha artığına nail olmağınızı istəyirik. Bu baxımdan TRT kanalları üzərinə düşəni həyata keçirməyə hazırdır».
Baş direktor bildirdi ki, TRT-nin Bakı nümayəndəliyi bu xüsusda nazirliyin müvafiq şöbələri ilə daha geniş formada əməkdaşlıq edəcək. O, Azərbaycanla bağlı il ərzində TRT kanallarında 500-dən artıq xəbərin efirə verildiyini, Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bunun daha da artmasının mümkünlüyünü diqqətə çatdırdı.
Görüşdə mövcud əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.
Fəxriyyə Abdullayeva