Dekabrın 16-da Moskvada MDB ölkələrinin elmi və yaradıcı ziyalılarının IX Forumu keçirilib.
300-dən çox nümayəndənin qatıldığı tədbirdə Azərbaycanı Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Milli Məclisin deputatı Fuad Muradov, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, Tərcümə Mərkəzinin direktoru Afaq Məsud və başqalarından ibarət nümayəndə heyəti təmsil edib. Forum “MDB-də humanitar məkanın inkişafı: əməkdaşlığın perspektivləri və zamanın çağırışları” mövzusuna həsr olunub.
Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələri Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu idarə heyətinin sədri Polad Bülbüloğlu tədbirin açılışında çıxış edərək son illər dünyada və postsovet məkanında dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb: “Beynəlxalq münasibətlərdə yeni paradiqmalar yaranıb. İnsanlar və mədəniyyətlər isə əvvəlki kimi bir-birinə meyl edir. Bu gün ölkələrdən hər birinin öz milli mənafeyi var və təbii ki, heç bir ölkə nə özünün mənafeyindən, nə də ərazi bütövlüyündən əl çəkən deyil. Amma yəqin ki, fikir adamlarının da əsas vəzifəsi elə budur: öz baxışlarını dəlillərlə isbat etmək və onların açıq şəkildə müzakirəsinə hazır olmaq”.
Səfir bildirib ki, bu gün bir çoxları yaşanan siyasi gərginlik mühitində MDB-nin ümumi humanitar məkanının məhv olduğunu düşünür. Lakin qısaömürlü siyasi konyunkturanın yedəyində gedib, humanitar əlaqələri və əməkdaşlığı onun girovuna çevirmək olmaz. Alimlər və yaradıcı peşələrin nümayəndələri müasir dünya və dünya xalqları qarşısında duran vaxtı çatmış problemlərə laqeyd qalmamalıdır: “Faşizm üzərində qələbənin 70 illiyi ərəfəsində Dmitri Şostakoviçin “Qəhrəmanlıq” (“Leninqrad”) simfoniyasını necə xatırlamayasan? Musiqi mədəniyyətinin bu möhtəşəm abidəsinin ifadə etdiyini təşviqat xarakterli onlarca çağırış və siyasi sənəd əks edə bilməzdi. Zənnimcə, biz hamımız yüksək örnəklərə söykənməliyik”.
Müasir dünyada millətçiliyin və etnik təmizləmə praktikasının dövlət siyasəti səviyyəsinə qaldırılmasını təəssüflə qeyd edən səfir bildirib ki, bu proseslər yaşadığımız regionda, lap yaxınlığımızda cərəyan edir. Ayrı-ayrı qətnamələrlə yaxasını kənara çəkən dünya isə buna tamamilə sakit reaksiya verir. Diplomat xalqlar arasında qarşılıqlı etimada söykənən dialoqun qurulmasında ziyalıların rolunu xüsusi vurğulayıb.
Forumda mədəni irsin qorunub saxlanılmasında gənclərin iştirakı, elm və təhsilin inkişafı, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində medianın rolu, faşizm üzərində qələbənin 70 illiyinin bayram edilməsi və 2015-ci ilin “Veteranlar ili” elan edilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində yaradıcı gənclər arasında “Debütlər birliyi” mükafatının builki qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Həmçinin 2015-ci ildə MDB-nin “Mədəniyyət paytaxtları” elan edilmiş Tacikistanın Kulyab və Rusiyanın Voronej şəhərləri ilə bağlı təqdimatlar olub.