İl ərzində görülən işlərlə bağlı danışan nazir mətbuat nümayəndələrinin müxtəlif suallarını cavablandırıb
Dekabrın 26-da Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasından sonra nazir Əbülfəs Qarayev 2014-cü ilin yekunlarına dair jurnalistlər üçün brifinq keçirib. Ölkəmizdə mədəniyyət və turizm sahəsində il ərzində görülən işlərlə bağlı məlumat verən nazir sonda mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
“Turizmdə rəqabət qiymətlərə təsir edəcək”
Sualların bir qismi turizm sahəsi ilə bağlı olub. Turizm və istirahət mərkəzlərində qiymətlərlə bağlı suala cavabında nazir bildirib ki, bu gün hər kəs öz imkanlarına uyğun ölkədə və xaricdə istirahət məkanı seçir. Məsələn, Gürcüstanda qiymətləri ucuz olan hotellər var. Amma bu hotellərdəki xidmətlərin keyfiyyəti “Şahdağ” turizm kompleksində olan hotellərin xidmətlərinin keyfiyyətindən fərqlənir: “Şahdağ”ın öz xidməti və ona uyğun da qiymətləri var. Hesab edirəm ki, bu, normal bir prosesdir”.
Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanda həm ucuz, həm də baha qiymətə xidmətlər təklif edən hotellər var. Bu hotellərdə qış turizm mövsümü ilə bağlı yerlər artıq dolub. Bu da onu göstərir ki, hər bir məkanın öz istifadəçisi var. Nazir əlavə edib ki, Azərbaycanda bir neçə il əvvəl prioritet olaraq 7 turizm istiqaməti müəyyənləşdirilib. Bu istiqamətlərin hər biri üzrə turizmin inkişafına dair proqramlar hazırlanıb. Buraya mədəni xidmətlər də daxil edilib: “Bu, sahibkarlar üçün bir istiqamətləndirici sənəddir. Digər tərəfdən, Azərbaycanda turizm zonalarının formalaşdırılması haqqında Nazirlər Kabinetinin qərarı var. Yaxın vaxtlarda onların sərhədləri müəyyənləşdirilib təsdiq olunacaq. Bu zonalarda sahibkarlar üçün yeni obyektlər tikməyə şərait yaradılacaq, müxtəlif güzəştlər tətbiq olunacaq. Bizim işimiz bunları təşkil edib stimullaşdırmaq, inkişaf etdirməkdən ibarətdir. Sərmayəçi isə bundan səmərəli istifadə edərək, vəsait qoymalı, hotel tikməlidir. Azad rəqabət bu məsələləri həmişə tənzimləyir. Biz də rəqabət nəticəsində qiymətlərin aşağı salınmasının tərəfdarıyıq”.
Filmlərin dublyajı müəyyən mexanizmlə tənzimlənməlidir
Nazir milli kinonun inkişafı ilə bağlı sualları da cavablandırıb. Kinoteatrlarda dublyaj olunmamış filmlərin nümayişi barədə suala cavabında bildirib ki, qanunvericilikdə nümayiş olunan filmlərin hamısının tərcümə və yaxud da titrlərlə yazılmaqla dublyaj olunması əksini tapıb: «Bütün kinoteatrlara yalnız dövlət reyestrindən keçmiş filmlərin nümayiş olunması ilə bağlı icazə verilib. Hazırda bütün filmlər dövlət reyestrindən keçirilib. Amma burada bir çətinlik var ki, dublyaj müəyyən mexanizmlə tənzimlənməlidir. Bəzən elə hallar olur ki, dünya premyerasında bir film eyni gündə və eyni vaxtda müxtəlif ölkələrdə nümayiş olunur. Bunun icazəsini alan kinoteatrlar da filmi birbaşa nümayiş etdirdiyindən, biz onu nə qabaqcadan dövlət reyestrindən keçirə bilirik, nə də tərcüməyə vaxt qalır. Bu isə qanunla ziddiyyət təşkil edir».
«Sovetski»dəki tarixi binalar sökülməyəcək
Əbülfəs Qarayev paytaxtın «Sovetski» adlanan ərazisində aparılan söküntü işləri ilə bağlı buradakı tarixi abidələrin aqibətinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu ərazidə 118 tarixi tikili var. Həmin binaların arasında bəziləri yerli əhəmiyyətlidir: «Bu binalar bu gün müasir baxımdan çox da tarixi və ya memarlıq əhəmiyyəti daşımır. Elə binalar var ki, onların üzərində xüsusi memarlıq bəzəkləri var. Həmin binalar məhz o bəzəklərə görə bu siyahıya salınıb».
Burada Cəlil Məmmədquluzadənin, Abdulla Şaiqin ev-muzeyləri var. Həmin muzeylərin binaları sökülməyəcək: «Ola bilər ki, onlar tarixi abidə kimi o qədər əhəmiyyətli deyil. Amma muzey olduqları üçün onlar yerində qalacaq».
Nazir qeyd edib ki, əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən binalardan təxminən 30-u sökülməyəcək.
Yeni universitetdə daha çox kadr hazırlanacaq
Ölkə Prezidentinin Azərbaycan Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılması barədə sərəncamı ilə bağlı danışan nazir diqqətə çatdırıb ki, yeni universitet turizm sahəsi üzrə təhsilin bütün pillələrində kadr hazırlayacaq. Bu məsələ sərəncamda əksini tapıb: «Digər tərəfdən, yeni universitetin maddi-texniki bazası daha da gücləndiriləcək və bu da daha çox tələbə qəbulunun həyata keçirilməsinə imkan verəcək. Bundan əlavə, Azərbaycan Turizm və Menecment Universitetində təkcə turizm sahəsində yox, digər xidmət sahəsi üzrə də kadr hazırlığı həyata keçiriləcək. Düşünürəm ki, bu, ümumi qonaqpərvərlik sistemində, yəni həm də restoranlarda, digər yerlərdə peşəkar kadrların hazırlanmasına imkan verəcək. Biz təkliflərimizi hazırlayıb təqdim edəcəyik».
Turizm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi «Azərbaycanın turizm potensialına həsr olunmuş publisistik məqalələr müsabiqəsi»nin qaliblərinin mükafatlandırma mərasimi də olub. Ölkəmizin turizm imkanlarının təbliği, ölkə ictimaiyyətinin sahəyə diqqətinin artırılması, habelə daxili turizmin tədqiqi və təşviqinə dəstək göstərmək məqsədilə keçirilmiş müsabiqədə dövri mətbuatda və müxtəlif internet resurslarında dərc olunmuş məqalələr iştirak edib. Məqalələr nazirlik tərəfindən təyin olunmuş mütəxəssislərdən ibarət komissiya tərəfindən qiymətləndirilib.
Müsabiqədə birinci yerə «Respublika» qəzetinin əməkdaşı Ramiz Yusifli, ikinci yerə «Royal travel» şirkətinin əməkdaşı Samir Kəbirlinski, üçüncü yerə Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri Sənan Yusifli və Könül Rəfiyeva layiq görülüblər. Müsabiqəyə yazı təqdim edən daha 5 jurnalist isə həvəsləndirici mükafatla təltif olunub.
Fəxriyyə Abdullayeva