Mətbuat Şurasının (MŞ) Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) maliyyə yardımı ilə reallaşdırdığı «Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək» layihəsi çərçivəsində növbəti dəyirmi masa dekabrın 27-də Şəkidə keçirilib.
Toplantını Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Mayis Səlimov açaraq bölgə ziyalılarının ictimai fikir tariximizdə, milli mətbuatın inkişafında rolundan bəhs edib.
Mətbuat Şurasının monitorinq qrupunun rəhbəri Əvəz Rüstəmov layihənin məqsəd və vəzifələrindən danışıb. Qeyd edib ki, layihə çərçivəsində ölkənin bir sıra bölgələrində tematik tədbirlər keçirilib, KİV-lərdə aylıq monitorinqlər aparılıb.
MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə qurumun hər zaman Azərbaycan ədəbi dilinin qorunması məsələlərinə önəm verdiyini diqqətə çatdırıb. O, aparılan monitorinqlər zamanı əldə edilən nəticələrdəki xarakterik xüsusiyyətdən söz açaraq bildirib ki, ədəbi dilin pozulması halları təkcə media məkanında təzahür edən proses deyil. Buna görə də məsələ bütövlükdə ictimaiyyətin diqqət mərkəzində saxlanılmalıdır.
Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə layihənin əhəmiyyətindən bəhs edib. «Şəki» qəzetinin redaktoru Akif Salam ədəbiyyatımızda, dilçilik elmində Şəkinin oynadığı roldan danışıb. Azərbaycan Müəllimlər İnstitutu (AMİ) Şəki filialının müəllimi Kamil Adışirinov, Oğuz rayonunun «Oğuz yurdu» qəzetinin redaktoru Nazim Hüseynli, «Region Şəki» qəzetinin baş redaktoru Baba Mirzəxanlı, «Şəki təhsili» qəzetinin baş redaktoru Bəşarət Süleymanov və digər çıxış edənlər mövzu ilə bağlı təkliflərini səsləndiriblər.