20 Yanvar faciəsinin 25-ci ildönümü teatr tamaşaları və musiqi axşamları, film nümayişləri ilə qeyd olunur
1990-cı ilin Qara Yanvarından 25 il ötür. Bu hadisə Azərbaycanın tarixində ən faciəli səhifələrdən biridir. XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var.
20 Yanvar Azərbaycan xalqını qorxutmaq, onun mübarizliyini sındırmaq məqsədi daşıyırdı. Amma onu həyata keçirənlər məqsədlərinə çatmadılar. Həmin gün Bakı küçələrində tökülən şəhid qanları xalqımızın milli oyanışının al şəfəqinin simvolu oldu. Məhz buna görə 20 Yanvar milli hüzn və eyni zamanda milli qürur günüdür.
Faciənin 25-ci ildönümü teatr-konsert müəssisələrində, kitabxanalarda, mədəniyyət ocaqlarında müxtəlif tədbirlərlə qeyd olunur.
Dövlət Akademik Opera və Balet Teatrında yanvarın 11-də Vasif Adıgözəlovun "Natəvan" operasının tamaşası şəhidlərimizin ruhuna ithaf olunub. Yanvarın 17-də isə teatrda daha bir səhnə əsərinin - Firəngiz Əlizadənin "İntizar " operasının tamaşası Qara Yanvara həsr olunacaq.
Anım tədbirləri çərçivəsində yanvarın 16-da Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun "Xəcalət" və yanvarın 20-də isə İlyas Əfəndiyevin "Qarabağnamə" tamaşalarının nümayişi nəzərdə tutulur.
Ayın 17-də Azərbaycan Dövlət Filarmoniyasında faciənin ildönümünə həsr olunmuş gecə keçiriləcək. Anım tədbirində Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və solistlər çıxış edəcəklər.
18 yanvar tarixində tamaşaçılar "Yuğ" Dövlət Teatrında Ülviyyə Heydərovanın "Yad. Daş" adlı tamaşasını izləyə biləcəklər. Yanvarın 20-də isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı izləyicilərinə Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" əsərinin tamaşasını təqdim edəcək.
Şuşa Musiqili Dram və İrəvan teatrlarında da 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar toplantılar və tamaşalar olacaq.
* * *
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyaları tərəfindən istehsal olunmuş hərbi vətənpərvərlik mövzusunda ekran əsərlərinin nümayişi keçirilir.
Yanvarın 15-də Bakı Ali Neft Məktəbinin tələbələri Milli Qəhrəmanlar Gültəkin Əsgərova ("Gültəkin") və Qorxmaz Eyvazov ("Adına yaraşan oğul") haqqında sənədli filmlərə baxıblar.
Yanvarın 16-da 1 saylı uşaq evinin şagirdləri üçün Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş "Mübarizlik zirvəsi" və Qorxmaz Eyvazov haqqında "Adına yaraşan oğul", yanvarın 19-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və Bakı Ali Neft Məktəbinin tələbələri üçün Milli Qəhrəman Nizami Məmmədovdan bəhs edən "Ömrümün şah zirvəsi", Gültəkin Əsgərova və Mübariz İbrahimov haqqında filmlər nümayiş olunacaq.
19 yanvarda "Vətən" kinoteatrının təşkilatçılığı ilə 1 nömrəli orta ümumtəhsil məktəbində Azərbaycanın Milli Qəhrəmanları Fazil Mehdiyev, Asif Məhərrəmov və Şirin Mirzəyevə həsr olunan "El təəssübü - vətən məhəbbəti", "Haqqa söykənən həyat” və "Şirin Mirzəyev" sənədli filmləri nümayiş etdiriləcək.