“Həyatda ən gözəl şey odur ki, insan özü üçün bir nağıl uydura bilsin. Əfsanə, ya həqiqət, dəxli yoxdur. Əsas budur ki, uydurduğu nağıla inana bilsin” demişdi. Həyata, ölümə, elə ölümsüzlüyə də nağıl kimi baxırdı. Daxilən azad, bütün kənar təsirlərdən uzaq, sözündə və özündə böyük şair, insan idi.

Bir zamanlar

“Salam, ata, salam.
Bilirəm,
arxamdasan.
Məzarından cəmi əlli-altmış
addım bu yanda dayanıb
trolleybus gözləyirəm.
Trolleybusa minib,
sənin yanına
gələnə qədər
yaşamağa gedəcəyəm.
Ömür bu imiş, ata?
Gəldi...
Salam trolleybus,
əlvida ata...”


- deyən Vaqif Səmədoğlunu çox sevdiyi Vətən torpağına əmanət etməyə hər kəs göz yaşları ilə gəlmişdi.
Yanvarın 29-da Akademik Milli Dram Teatrında müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlu ilə vida mərasimi keçirildi. Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Salonda həzin matəm musiqisi səslənir, kədərli baxışlar səhnə dolusu şair əzəmətini seyr edirdi. Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuş, ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü. Vaqif Səmədoğlunun həmkarları, dost-tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın teatrın binasına gəlir, görkəmli şairə və gözəl insana son borclarını verirdilər.
Ədəbiyyata gəldiyi gündən şeirlərinin fəlsəfi dərinliyi, orijinal deyim tərzi ilə diqqəti cəlb edən Vaqif Səmədoğlu bütün yaradıcılığı boyu ideologiyalardan uzaq olduğundan xalq onu ayrı cür sevirdi. Ötən əsrin 60-cı illərində yazdığı şeirləri ilə XXI əsrin əvvəllərində yazdığı şeirləri əqidə, məslək baxımından fərqlənmədiyindən oxucularının da münasibəti dəyişməz qalmışdı...
Vida mərasimi şairin həyat, sevgi, ölümlə bağlı düşüncələrini əks etdirən səs yazısının səsləndirilməsi ilə başladı. Vaqif Səmədoğlunun öz dilindən və digər qiraətçinin ifasında şeirlərindən nümunələr təqdim olundu.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək dost itkisinin dözülməz olduğunu dedi: “Bu gün Azərbaycan xalqı böyük şair və dramaturqu ilə vidalaşır. Böyük Səməd Vurğun ailəsi sonbeşiyini itirdi. Mən ən yaxın dostumu itirdim. Vaqif Səmədoğlu ömür boyu ölümdən yazsa da, həyatı sevən bir şair idi. Ölümlə zarafatlaşa bilən nadir insanlardan idi. Ömrümüzün 60 ili qarşılıqlı dostluq, mehribanlıqla keçib. Mənim üçün dünya dünən boşaldı”.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev şairin ədəbiyyatımızdakı əvəzsiz yerindən söz açdı: “Vaqif öz şeirinin, misrasının içində olan şair idi və o, son gedişi ilə də bunu bir daha sübut etdi və bu gün “Bir axşam taksidən” öz payızına düşdü, bir başqa dünyaya düşdü. Daxilən onun qədər sərbəst, onun qədər səmimi və azad adam tapmaq çox çətindir. O, bütünlükdə belə təkrarsız insan idi”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov ötən il bu zalda 75 illik yubileyi münasibətilə düzənlənən tədbirdə çıxış edən şairi öz sözləri ilə xatırladı, onun ədəbiyyatımızdakı məxsusi yerindən danışdı: “Vaqif Səmədoğlu bütün xarakteri ilə - istedadı, yaşadığı tarixi dövrü ilə özünü azad şəkildə göstərdi və bir daha sübut elədi ki, o, Azərbaycan poeziyasının, Azərbaycan insanının ən nəhəng simalarından biridir. O, hər şeydən əvvəl şair idi. Dünya ilə savaşdı, həm də onu sevdi və böyük, gözəl bir ədəbiyyat yaratdı. Beləcə, azadlığının bariz nümayişində Səməd Vurğun şeriyyətindən mayalanan, lakin ona bənzəməyən əzəmətli bir poeziya yaratdı və düşünürəm ki, bu poeziyanın qüdrəti ilə o, əbədi yaşayacaq”.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Vaqif Səmədoğlunun özünəməxsus yaradıcılıq axtarışlarından, bənzərsiz poetik nümunələrindən söz açdı: “Səməd Vurğun ocağı Azərbaycan xalqı qarşısında özünün son itkisini verdi. Bu, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının böyük itkisidir. Çox mənalı və son dərəcə özünəməxsus ömür yolu keçmiş şair artıq əbədiyyətlə üz-üzədir. Onun cismi bizlərdən ayrılacaq və onun əbədiyyətə qovuşan ömrü başlayacaq. Bundan sonrakı müddətsiz zaman böyük ədəbiyyatın böyük yaradıcıları sırasında layiq olduğu yeri tutacaq və bu xalq yaşadıqca o da qurduğu, yaratdığı böyük söz xəzinəsi ilə yaşayacaq”.
Xalq şairi Nəriman Həsənzadə şeir yuvasında doğulub böyüyən şairin bənzərsiz bir ədəbi irs yaratdığını dedi: “Vaqif doğulduğu məmləkətin, mənsub olduğu millətin müstəqilliyi, azadlığı uğrunda mübarizə aparan şair idi. O öz üslubu, yolu olan bir söz adamı kimi Azərbaycanın böyük şairi Səməd Vurğundan fərqli ədəbiyyat yarada bildi”.
Mərhumun ailəsi adından çıxış edən kürəkəni Aqşin Ziyadov şairin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmasına görə ölkə başçısına minnətdarlığını bildirdi, vida mərasimində iştirak edən hər kəsə təşəkkür etdi.
Sonra “Ölümdən qətiyyən qorxmuram, inanın səmimiyyətimə. O dünyadan da qətiyyən qorxmuram. Bilmirəm orada neçə dil var, məsafə necə ölçülür, çəki vahidi nədir, məhəbbət varmı?.. Hər halda məhəbbət olsa, pis olmaz. Ancaq bir şərtlə ki, mən öləndən əlli il sonra Nüşabə xanım da gəlsin, ona təzədən aşiq olum və deyim ki, mən səni sevirəm”, - deyən şairin cənazəsi sevdiyi qadının və yüzlərlə Vaqifsevərin göz yaşlarının müşayiəti ilə son mənzilə yola salındı.
Ağrı yaddaşımızın poetik tərcümanı olan şair böyük sevgi ilə I Fəxri xiyabanda sevdiyi torpağa tapşırıldı.



O, ölümsüzlüyünü dərk edən insan idi...

O öz şeirinin, misralarının içində olan, doğulduğu məmləkətin, mənsub olduğu millətin müstəqilliyi, azadlığı uğrunda mübarizə aparan şair idi. Öz üslubu, yolu olan bir söz sərrafı idi. Xalqın şairi kimi ilk şeirlərindən səmimi oldu, ürəyinin səsi ilə yazdı. Bu onun qələm dostları tərəfindən bir daha vurğulandı.

Xalq şairi Söhrab Tahir: “Hamımıza dərin kədər üz verib. Böyük şairimiz Səməd Vurğunun yadigarı, Azərbaycan milli ədəbiyyatına, onun xəzinəsinə çoxlu töhfələr bəxş edən Vaqif Səmədoğlu dünyasını dəyişib. Onun yaradıcılığı da, poeziyası da, dramaturgiyası da, ədəbi fəaliyyəti də xalqımıza həsr olunub. Vaqifdə poetik cəsarət o qədər idi ki, atasının yolu ilə getmədi, özünə yeni bir cığır, yeni bir yol seçdi. Və Azərbaycan ədəbiyyatına yeni bədii, poetik nəbz, lirik fəlsəfə, cəsur poetik aforizmlər gətirdi. Ədəbiyyatımızın milli xəzinəsinə zənginliklər bəxş edib. O elə bir şəxsiyyət, şair, dramaturq oldu ki, əbədi olaraq Azərbaycan xalqının xatirəsində qalacaq, gözəl sözlərlə anılacaq”.

Xalq şairi Sabir Rüstəmxanlı: “Bir şairin evində doğulub, böyüyüb şair olmaq çətin işdir. Allah Vaqifə və böyük qardaşı Yusif Səmədoğluna bu istedadı vermişdi. Yusif Səmədoğlu nəsrimizdə bənzərsiz yer tutur, Vaqif Səmədoğlu da şeirimizdə bənzərsiz bir yer qazandı. Sakitcə, təvazökarlıqla, özünü reklam etmədən, bir az da yumorla, zarafatla, amma addım-addım öz zirvəsinə - Vaqif Səmədoğlu zirvəsinə yüksəldi. Vaqif Səmədoğlu həyat sevgisi ilə dolu bir adam idi, amma ölüm haqqında çox danışırdı. Həyatda hamının görmədiyini, sezmədiyini duymağı bacarırdı. Ömrünün sonuna yaxın daha çox ölüm haqqında şeirlər yazırdı. O, ölümsüzlüyünü hamıdan çox dərk edən insanlardan idi. Azərbaycan şeiri yaşadıqca Vaqif Səmədoğlunun poetik, ədəbi, mənəvi həyatı var olacaq”.
Xalq artisti Afaq Bəşirqızı: “Mənim tanınmağımda, sevilməyində Anar müəllimin və Vaqif müəllimin çox böyük rolu var. Həmişə demişəm ki, Anar məni “Evləri köndələn yar”la tanıtdı, Vaqif isə “Bəxt üzüyü” ilə sevdirdi. Tez-tez ünsiyyətdə olurduq, telefonla danışırdıq. Dünən mən xoşbəxtliyin qafiyəsini tapa bilməyən dostumu itirdim. Önəmli dostlarımdan birini itirdim. Vaqif çox ağıllı, fəlsəfi bir adam idi. Deyimləri, duyumları, şeirləri qeyri-adi”.

Xalq artisti Valeh Kərimov: “Çox böyük şairimiz, dramaturqumuz idi. Mənim şəxsən taleyimdə, xalqımıza tanınmağımda, sevilməyimdə Vaqif müəllimin çox böyük əməyi var. Onun yazdığı “Bəxt üzüyü” sanki bizim bəxtimizə yazılmışdı. Qəlbimizdə gözəl, sadə bir insan kimi qalacaq”.

Həmidə Nizamiqızı