Əlamətdar gün Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanlarının və “Zirvə” mükafatının təqdimatı ilə də yadda qaldı
142 illiyini böyük təntənə ilə qeyd edən peşəkar milli teatrımız şanlı adı ətrafına yenidən teatralları, bu bənzərsiz sənət növünə ruhən bağlı olub, sədaqətlə xidmət edən insanları toplaya bildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda "Milli Teatr Günü"nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli sərəncamından sonra bu əlamətdar tarix artıq daha böyük təntənə ilə qeyd edilir.
Martın 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında gerçəkləşən mərasim də bunun göstəricisi oldu. Təntənəli mərasim nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanlarının və “Zirvə” mükafatının təqdimatı ilə də yadda qaldı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatr ictimaiyyətini, sənətsevərləri bayram günü münasibətilə təbrik etdi, 142 illik zəngin tarixə malik Azərbaycan peşəkar teatrının yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu dedi: “Bu gün milli teatrımız dünya teatr meydanında özünə layiqli yer tutmaqdadır. Bəlkə də 15-20 il öncə heç təsəvvür edə bilməzdik ki, Azərbaycanda dünyanın aparıcı teatr xadimləri toplaşaraq sənət aləmində cərəyan edən prosesləri müzakirə edəcək, onun inkişafına xidmət edən qərarlara imza atacaqlar. Artıq ölkəmiz beynəlxalq teatr konfransına, festival və toplantılara ev sahibliyi edərək dünya mədəniyyətində bu mənada da öz sözünü deyir. Bu gün elə bir beynəlxalq teatr qurumu yoxdur ki, Azərbaycan orada təmsil edilməsin. Azərbaycan dramaturgiyası nümunələri dünyanın 50-dən çox ölkəsində nümayiş olunub”.
Milli teatrımızın nümunələrinin ABŞ-dan Tacikistanadək bir çox ölkələrin səhnələrində uğurlu quruluş həllini tapdığını deyən Əbülfəs Qarayev bunun davamlı olduğunu vurğuladı. Məhz bunun sayəsində teatr xadimlərimiz, öz təcrübələrini bölüşməklə yanaşı, dünyada gedən teatr prosesinə də nüfuz etmək imkanı qazanırlar: “Bu gün müxtəlif ölkələrdə Azərbaycan teatrının gənc təmsilçiləri təhsil alır, ustad dərslərində iştirak edir. Biz sevinirik ki, teatrlarımız öz daxili mühitlərindən kənara çıxaraq beynəlxalq təcrübəni də uğurla tətbiq edirlər. Azərbaycanda qoyulan bir sıra tamaşaların quruluşuna xaricdən rejissorlar, rəssamlar, bəstəkarlar, artistlər dəvət olunurlar və bu zəmində maraqlı, uğurlu layihələrə imza atılır. Bütün bunların nəticəsində cəsarətlə demək olar ki, Azərbaycan teatrı inkişaf edir və bundan sonra daha da inkişaf edəcək”.
Son illər Azərbaycan teatrının müəyyən intibah dövrü yaşadığını vurğulayan nazir bunun ölkə rəhbəri İlham Əliyevin teatrın inkişafı ilə bağlı imzaladığı sənədlərin icrasının nəticəsi olduğunu bildirdi. Qeyd olundu ki, Prezidentin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən teatrlarımız yenidən qurulur, onların maliyyə-iqtisadi əsası təkmilləşir, teatrların maddi-texniki bazası möhkəmlənir: “Son bir neçə ildə cənab Prezidentin şəxsi təşəbbüsü ilə demək olar ki, bütün teatrların həyatında əsaslı dönüş yarandı, onların bir çoxu yenidən quruldu, binaları əsaslı təmir-bərpa olundu. Beləcə yeni teatr mühiti formalaşmağa başladı, maddi-texniki bazadan yaradıcı potensialadək mükəmməl bir nəticə hasil oldu. Bu intibah teatrda müasir, yeni mühitin formalaşması, yeni nəslin meydana çıxması ilə də müşayiət olunur. Biz sevinirik ki, ulu öndən Heydər Əliyevin teatra gözəl münasibət ənənəsi bu gün də yaşayır və yeni mərhələyə qədəm qoyur”.
Nazir mədəniyyətimizin, o cümlədən teatr sənətimizin inkişafında, təbliğində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğuladı. Bu diqqət və qayğı ilə sayəsində Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə layiqincə təqdim olunduğunu dedi.
Teatrın cəmiyyətin aynası olduğunu deyən Əbülfəs Qarayev onun yaşaması üçün bu sənətə yeni insanların, yeni nəslin gəldiyini bildirdi, istər dünyasını dəyişmiş məqtədir sənətkarların, istərsə də yaşa dolmuş teatr xadimlərinin əməyinin, səhnə həyatının daim xatırlandığını və xatırlandıqca qiymətini alacağını dedi: “Sevinirik ki, Azərbaycan teatr məkanına yeni qüvvə, yeni adlar gəlir. Bu işdə 13 dövlət teatrının nəzdində fəaliyyət göstərən teatr studiyalarının da öz payı var”.
Teatrın yeni adlarla daha da inkişaf etdiyini vurğulayan nazir Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində çalışan istedadlı insanların da məhz bu gündə mükafatlandırılmasının ənənə halını aldığını diqqətə çatdırdı.
Bildirildi ki, milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaq, qiymətləndirmək məqsədilə 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Zirvə” mükafatı təsis edilib. Bu mükafatın, eləcə də nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanının belə əlamətdar gündə sahiblərinə təqdim olunması mədəniyyətimizin tərəqqisinə töhfələri olmuş insanların əməyinə verilən qiymətdir.
Böyük teatr ailəsinin peşə bayramına həsr olunmuş gecə “Fəxri mədəniyyət işçisi” döş nişanlarının təqdimatı ilə davam etdi. Dövlət Pantomima Teatrından Ceyhun Dadaşov, Dövlət Kukla Teatrından Sürəyya Mansurova, Akademik Milli Dram Teatrından baş inzibatçı Elnur Məmmədov, Musiqili Teatrdan konsertmeyster Zakir Dadaşov - teatr sahəsində çalışan 20-dək insan bu təltifə layiq görüldü.
Sonra 7 nominasiya üzrə “Zirvə-2015” mükafatının təqdimatı oldu.
“Milli sərvət” nominasiyasında Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, “Musiqi” nominasiyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlov, “Teatr” nominasiyasında Şəki Dövlət Dram Teatrı, “Kino” nominasiyasında “Nabat” bədii filminin yaradıcı qrupu, “Təsviri sənət” nominasiyası üzrə Teymur və Mahmud Rüstəmov qardaşları, “Debüt” nominasiyasında Əməkdar artist Şövqi Hüseynov, “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyasında isə “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova “Zirvə” mükafatı ilə təltif olundu. Qaliblərə mükafatın simvolu, diplom və pul mükafatı verildi.
Mərasim boyu Azərbaycan Dövlət Pantomima Teatrının aktyorlarının ifasında təqdim edilən səhnəciklər tamaşaçılar tərəfindən maraqla qarşılandı. Tədbir iştirakçıları peşəkar teatrımızın 142 illiyə həsr olunmuş sərgi ilə də tanış oldular.
Həmidə Nizamiqızı