Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi martın 20-dən 23-dək II Beynəlxalq Novruz Festivalı keçirəcək. Festivalda Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin - Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan nümayəndələri iştirak edəcəklər.
Festival günlərində Qoşa qala qapısı yaxınlığında “Meydan bazarı” təşkil olunacaq. Burada hər bir ölkənin mədəniyyətini əks etdirən videoçarxlar, suvenirlər, milli mətbəx nümunələri sərgilənəcək. Hər gün səhər saatlarından pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehrbazlar öz məharətini göstərəcək, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, şənliyə qatılan insanlara bayram əhval-ruhiyyəsi yaşadacaqlar. Qoşa qala qapısı və Qız qalası meydanlarında, eləcə də Əliağa Vahidin heykəli qarşısında konsert proqramları təşkil olunacaq.