Prezident İlham Əliyev Novruz münasibətilə paytaxtda təşkil olunan ümumxalq şənliyində iştirak edib

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, dövlət və hökumət nümayəndələri şənlikdə iştirak ediblər.

Dövlətimizin başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər. Milli geyimli uşaqlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdilər. İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının ifasında baharı, Azərbaycanı tərənnüm edən mahnıların sədası ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Dövlət başçısı bayram şənliyində nitq söylədi. Novruzun Azərbaycan xalqının ən sevimli bayramlarından biri, milli dəyərimiz olduğunu vurğulayan dövlət başçısı bu zəngin irsin əsrlər boyu yaşadıldığını bildirdi. Qeyd olundu ki, Azərbaycan xalqı həmişə ənənələrə, milli dəyərlərə sadiq olub, bugünkü müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Dənizkənarı Milli Parka gəldilər. Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar. Kosa və Keçəl Prezident İlham Əliyevi və ailə üzvlərini bayram münasibətilə təbrik etdilər.

Milli Parkda təşkil edilən milli-mənəvi dəyərlər və idman stendləri bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.
Dövlət başçısı və ailə üzvləri bərəkətli Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri şənlik iştirakçılarında maraq doğururdu.
Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. Prezident İlham Əliyev və ailə üzvləri Azərbaycan xalçalarının nümunələrinə də baxdılar. Azərbaycan Prezidenti və xanımı bayram şənliyində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş stendlərin qarşısında idmançıların çıxışlarını da izlədilər.

* * *
Qeyd edək ki, Novruzun gəlişi münasibətilə ümumxalq şənliyi martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Dənizkənarı Milli Parkda tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil etdikləri konsert proqramı ilə davam edib. Səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, bir-birindən maraqlı rəqslərə tamaşa ediblər. Baharı, yurdumuzun gözəlliklərini tərənnüm edən mahnılar tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb. Sonda Bakının bahar səmasını möhtəşəm al-əlvan atəşfəşanlıq bəzəyib.