Xəbər verdiyimiz kimi, 21-23 mart tarixində «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə paytaxtımızda ikinci dəfə beynəlxalq Novruz festivalı keçirilib. Tədbirə Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin - Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstanın nümayəndələri də qatılmışdı.
Festivalın açılış nitqlərindən sonra tədbir musiqili, əyləncəli-bədii bayram proqramı ilə davam etdi. İştirakçı ölkələrin incəsənət ustalarının çıxışları böyük maraqla qarşılandı.
Qoşa qala qapısı meydanında «Meydan bazarı» təşkil olunmuşdu. Burada hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları, suvenirlər, kitablar, açıqcalar, broşurlar, milli mətbəx nümunələri sərgilənirdi. Pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehrbazların çıxışları, Bakı Uşaq Teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas atributları olan Kosa və Keçəlin iştirakı isə insanlara əsl bayram əhval-ruhiyyəsi yaşadırdı.
Kirkirədə buğda üyüdən usta Seyfəddin Şirinov başına yığılmış insanlara onun haqqında məlumat verərək deyir ki, kirkirə dəyirmanın əcdadıdır. Onun vasitəsilə dənli bitkiləri üyütmək mümkündür: «Kirkirə vaxtilə evlərdə çox istifadə olunurdu. Elə bil ki, evində kiçik bir dəyirman var. İndi guya onu əvəzləyən və elektriklə işləyən müxtəlif cihazlar kəşf olunub. Amma onlar kirkirədə üyüdülən buğdanın ləzzətini verməz».
Festivalın qonaqları arasında xarici turistlər də çoxluq təşkil edirdi. Onlardan bir neçəsinin fikirlərini öyrəndik. Avstraliya vətəndaşı Yelena Kualiz Novruz ənənələrinin onun üçün çox maraqlı olduğunu dedi. Xüsusilə tonqalın üstündən atlanma və bunun müxtəlif izahının olması qonaqda böyük təəssürat yaratmışdı. Yelena Kualiz bu tədbirdən sonra Şəkiyə gedəcəyini, bu bölgənin mədəni irsi, eyni zamanda şirniyyatları, mətbəxi ilə çox maraqlandığını da diqqətə çatdırdı.
Tədbirin daha bir qonağı Mehdi Fəttayi isə İran vətəndaşıdır. O, Bakıya ailəvi olaraq Novruz tətilini keçirməyə gəldiyini deyir. Qonağın sözlərinə görə, Novruzla bağlı İranda da tədbirlər keçirilir. Amma Azərbaycandakı tədbirlər daha maraqlıdır: «Bəzi adətlərinə görə oxşarlıqlar var. Amma Bakıda daha fərqli tədbirlər olur. Mən bu tədbirlərdə çox iştirak etmişəm. Novruzu Bakıda qeyd etmək bizim ailə üçün artıq bir ənənə halını alıb».
Qeyd edək ki, festival çərçivəsində İçərişəhərlə yanaşı, «Qala» Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da martın 20-21-də həm uşaqlar, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla zəngin Novruz şənlikləri keçirilib. Həmçinin müxtəlif ölkələri əks etdirən guşələr yaradılıb, həmin ölkələrin milli rəqsləri təqdim olunub. Eyni zamanda qonaqlar milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumaq kimi tədbirlərdə iştirak ediblər.
Fəxriyyə Abdullayeva