Həyata “Alın, aa... Yana-yana qalın, aa!” deyib gəlmiş şairin dünyadan yana-yana getməkliyi...

Həmin şeiri “Bu pasportu mənəm daşıyan, Mən - sovet vətəndaşıyam!” misrasıyla bitirən parlaq işıq, hədsiz energetika ilə dolu Mayakovski sabiq sovetlər məkanının son onilliklərinin şagirdləri, tələbələri, ümumən poeziyasevərləri üçün xeyli qaranlıq və mübhəm birisi...

Amma təəssüf, bu siyasi-sovet şairinin çox gözəl, çox poetik misraları da var:
“Poeziya da -
radi tək
çətin tapılır,
çətin”.


Bu şair özünün və hamıdan daha çox, daha alovlu tərənnüm etdiyi sovetin ölümünədək adı, ata adı ilə yox, eləcə, “Mayakovski” kimi anıldı və bu dünyanın fani olduğunu bilənlərçün əsasən bu kəlmə ilə xatırlandı: “yanıldı...”

“Sol! Sol!..” məzmunlu həyat

Bu görkəmli rus-sovet şairi, dramaturqu, teatr və film aktyoru 1893-cü ildə Gürcüstanın Bağdadi kəndində doğulub. Atası Bağdadi bölgəsində meşəbəyi, bacıları Lyuda və Olya azad düşüncə, sərbəstlik, “hər gün yeni həyat” aşiqləri, anası isə klassik rus qadını imiş. Lyudanın xatirələrindəki bir epizod nəqli təəssüratlar dolu bitkin bir tablo təsiri bağışlayır: “Biz gürcü adətlərinə bağlı bir həyat tərzi keçirmiş, lakin rus dilini, rus düşüncəsini də qorumağı bacarmış xoşbəxt bir ailə idik...”
Bir müddət sonra bu ailə Kutaisi şəhərinə köçür və 1900-cü ildə burada liseyə gedən Vladimir “məktəbin ən yaxşı şagirdi” kimi məşhurlaşır. Yeniyetməlik yaşlarında fantastika janrlı romanlar oxuyan Vladimiri “unikal sənətçi uşaq” kimi qəbul edən müəllimlərindən biri ona xüsusi dərslər keçməyə başlayır.
“Uşaqlıq” dünyasından çox erkən doyan Mayakovski siyasətlə maraqlanmağa başlayır. 1905-ci il inqilabı zamanı gizlicə Moskvaya gedən bacısı ona “revolyusioner” sənədlər gətirir və bunlarla tanış olan lisey şagirdi birdən-birə necə ayılıb-böyüyürsə, göz açıb özünü Kutaisidə bolşeviklərin yeraltı sığınacaqlarından birində görür. Meşə işləri zamanı kəsilmiş barmağına düşmüş infeksiyadan dünyasını dəyişən atasından sonra isə Vladimir ailədə də “inqilab”i mübarizələrlə üzləşməli olur...
Onun tezliklə qoşulacağı inqilabi mübarizə təşkilatının başçısı (və adaşı) “kommunistlərdə “solluq” uşaq xəstəliyi” kimi tezislər yazır, o özü isə -

“Mən qurd tək gəmirərdim bürokratizmi!”

Kutaisidən Moskvaya köçüb bir müddət yoxsulluq içində yaşayan Mayakovski sosializm tərəfdarı olan dostlarına qoşulur. Burada getdiyi məktəbdə dərslərdən çox fəlsəfə kitabları mütaliə edir. On dörd yaşlı bu uşaqçün məktəb sinifləri həyat siniflərinin kölgəsində qalır və gələcəkdə anası üçün belə xatirələr yaradırdı: “...Məktəbli ikən vaxtının çoxunu dərslərə yox, təbliğata həsr edirdi. On dörd yaşı olmasına baxmayaraq, on doqquz yaşında birisi kimi davranırdı. Çox çılğın idi. Partiya üzvləri onunla görüşməyə gəlir, çevriliş üçün ondan faydalanırdılar. Vladimir sanki qocalmışdı...”
Siyasi təşkilatda təbliğatçı, mülki həyatda aktyor, yazıçı olan bu “qoca” uşaq məktəbdən qovulur. On beş yaşında ikən polis onun evinə basqın edir və... əvvəlkilərdən xeyli fərqli növbəti həbs: bu dəfə gizli məlumatların yazıldığı qeyd dəftərçəsini - ələ keçməsin deyə - udur...
Bu “kulinar” fərasətdən sonra partiya ona daha etibarlı adam kimi yanaşır. İki ay sonra yenidən basqın edən polislər onu naməlum bir yerə aparır. 12 aylıq həbsdə durmadan oxuyur, yazır, beynində həbsdən sonra çəkəcəyi siyasi rəsmlərin xəyali eskizlərini quramalayır, “müstəqil fikirlər” dövrü yaşayır. Həbsdən sonra daxil olduğu Moskva Rəsm və Heykəltəraşlıq Məktəbində bir sıra özünəməxsus və xalq yaradıcılığına aid işlərilə digər tələbələrdən fərqlənən Mayakovski XX əsrin ikinci onilliyində futurizm hərəkatına qoşulur, burjuaziyaya meydan oxuyan ədəbi fəaliyyətə başlayır. Onlara qoşulmayanları köhnə dünyanın təmsilçiləri kimi görən Vladimirin yeni dünyaya dair şeirləri o vaxtadək əldən-ələ gəzən Puşkin şeirlərini kölgələyir.
Polis isə, təbii, təqibləri daha da gücləndirməyə başlayır. “Faciə” adlı pyesini Sankt-Peterburq parklarının birində mono-tamaşaya qoyan şair daha da məşhurlaşır və M.Qorkinin həyat yoldaşı Matiya xatirələrində yazır: “...Mayakovskini 1918-ci ildə səhnədə izlədim. Məncə. o, bu sahəni davam etdirsə, əvəzolunmaz bir aktyor olacaq”.
Ancaq həyat Mayakovski üçün tamam başqa bir dram hazırlayırmış...

Arzular və reallıqlar...

Öncə, obyektiv bir nüans: Mayakovski və... onun mübarizə düşüncələrini xeyli “redaktə” edən I Dünya müharibəsi...
İlk döyüş mənzərələri əvvəllər zəfər duyğularıyla alışıb-yanan Mayakovskinin fikirlərini xeyli dəyişir. 1915-ci ildə “Şalvarlı bulud” adlı ilk şeir kitabı çapdan çıxır. Həmkarı M.Qorki bu şeiri çox bəyənir, siyasi başçıları V.İ.Lenin isə yazır: “...Mayakovskinin şeirlərindən heç nə başa düşmürəm, ancaq onun meydan döyüşkəni olduğunu hiss edirəm. Ola bilər ki, onun yazdıqları siyasi cəhətdən mübahisəlidir; şeirlərində elə də çox siyasi bir şey yoxdur, insanları nəyəsə dəvət etmir. Amma siyasi nöqteyi-nəzərinin düzgün olduğuna inamım sonsuzdur”.
1917-ci il oktyabr çevrilişini coşqu ilə qarşılayan və çevrilişin əsas sözçülərindən biri olan Mayakovski mübarizəni “təbliğat afişaları”nda davam etdirir. Moskva divarları, dirəklər, binalar “Mayakovski afişaları” ilə cilvələnir.
Çoxları kimi dövrün “qırmızı siyasət” dəbinə inanmış bu saf qəlbli, böyük tribun-şair 35 qəzet və 57 jurnalda saysız-hesabsız yazılar çap etdirib. Həmin materiallar siyasət dolu təbliğat və təşviqat qoxusa da, onu digər köşə yazarlarından ayıran çox şey var idi.
1925-ci ildə yaxın dostu - Leninqradda intihar edərək sonuncu şeirini (“Əlvida dost, əlvida”) qanıyla yazmış Sergey Yeseninə qarşılıq olaraq dərhal oxşar bir şeir yazan Mayakovski o dövr inqilabçılarının mənfi reaksiyasına səbəb olur. 1930-cu ildə sevimli sevgilisi Lili Brikini və ailəsini SSRİ hökumətinə “əmanət” məktubu ilə vəsiyyət edən şair həyatına son qoyur. Ölümündən sonra doğulduğu kəndə - Bağdadiyə şairin adı verilir.

Tahir Əhmədalılar