TÜRKSOY-un beynəlxalq layihəsi uğurla başa çatdı

2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən beynəlxalq status verilmiş Novruz bayramı artıq ümumbəşəri səciyyə kəsb edərək dünya miqyasında qeyd edilir.

Novruzun türk xalqlarının da qədim mədəni irs nümunəsi olaraq dünyada təbliğinə xüsusi önəm verən TÜRKSOY təşkilatı hər il müxtəlif ölkələrdə bayram şənlikləri təşkil edir. Builki Novruz şöləni daha böyük miqyası ilə yadda qaldı.
TÜRKSOY-un təşəbbüsü ilə martın 21-də Ankara və İstanbulda başlanan bayram şənlikləri martın 29-dək İzmirdən Adanaya, Trabzondan Hataya, Samsundan Dənizliyədək Türkiyənin 20-dək şəhərini əhatə edib. Daha sonra 24-25 martda Parisdə, UNESCO-nun baş qərargahında, 26 martda Almaniyanın Köln şəhərində, martın 28-də Avstriyanın paytaxtı Vyanada Novruz tədbirləri keçirilib. Türkiyə Cümhuriyyəti Baş Nazirliyi yanında Tanıtma Fondunun, Yunus Əmrə İnstitutunun dəstəyi ilə gerçəkləşən tədbirlərdə türkdilli respublikaların rəsmi və bədii heyətləri iştirak edib.
Novruz şənliklərində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Təəssüratlarını bizimlə bölüşən F.Babayev TÜRKSOY-un builki Novruz bayramı layihəsinin çox böyük maraq doğurduğunu bildirdi: “Türkiyədə Novruz tədbirləri yüksək səviyyədə keçirildi. Əvvəlki illərlə müqayisədə bu il tədbirlərə daha çox ölkə - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, eləcə də Rusiya Federasiyasının Altay, Başqırdıstan, Xakasiya, Çuvaşiya, Tıva, Saha-Yakut, Qaraçay-Balkar respublikaları, habelə Qaqauz Yeri (Moldova), Təbriz (İran), Şimali Kipr Türk Respublikası və Sincan Uyğur Muxtar bölgəsindən nümayəndələr qatılmışdı. Bolqarıstanda yaşayan türk toplumlarının nümayəndələri də layihədə təmsil olunurdu. Ümumilikdə “Novruz-2015” tədbirləri ilə bağlı Ankaraya 200-dək iştirakçı toplanmışdı. Əvvəlcə Ankarada Keçiörən bələdiyyəsinin Gənclik parkında böyük bayram tədbiri keçirildi. Azərbaycanı "Cəngi" estrada-folklor ansamblı və aşıq Əli Quliyev təmsil edirdi. Bizim sənətkarları böyük coşqu ilə qarşıladılar. Alqışların ardı-arası kəsilmirdi. Sonra türkdilli ölkələrin təmsilçiləri Türkiyənin müxtəlif şəhərlərində Novruz mərasimlərinə qatıldılar. İştirakçıların digər bir qrupu isə TÜRKSOY-un dəstəyi, Azərbaycan, Türkiyə və Qazaxıstanın UNESCO yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə qurumun mənzil-qərargahında Novruz bayramına qatılmaq üçün Parisə yola düşdü”.

UNESCO-nun mənzil-qərargahında möhtəşəm konsert

Qeyd edək ki, Parisdəki Novruz bayramı tədbirindən əvvəl martın 24-də Barselona-Düsseldorf istiqamətində uçan Almaniya hava yollarına məxsus A320 təyyarəsinin Fransa ərazisində qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən UNESCO Dünya İrs Mərkəzinin direktoru Kişore Rao bildirib ki, millətlərarası birgə anlaşmanı, tolerantlıq və dialoq kimi dəyərləri təşviq edən Novruz bayramı xalqları sülhə, əmin-amanlığa, birliyə və dostluğa çağırış kimi humanitar ideyaları özündə təcəssüm etdirən mühüm hadisədir. Qeyd edilib ki, Azərbaycan, İran, Türkiyə, Özbəkistan, Əfqanıstan, Pakistan, Hindistan, Qazaxıstan, Qırğızıstan və bir çox digər ölkələrdə yüksək səviyyədə qeyd edilən Novruz bayramı xalqların zəngin milli dəyərlərini, tarixi adət-ənənələrini qoruyub saxlayan zəngin mədəni irsdir.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında qeyd edib ki, təşkilatın əsas məqsədi həmin xalqların mədəni dəyərlərinin təbliğidir. Baş katib türkdilli xalqların həyatında və mədəniyyətində Novruz bayramının xüsusi yeri olduğunu vurğulayıb, bu bayramı türkdilli millətləri birləşdirən önəmli dəyər kimi qiymətləndirib.
UNESCO-nun mənzil-qərargahındakı möhtəşəm konsert proqramı barədə danışan F.Babayev proqramda türkdilli xalqların 100-dən artıq incəsənət ustasının xalq mahnıları və milli rəqslər ifa etdiyini bildirdi: “Ölkəmizi təmsil edən aşıq Əli Quliyevin və “Cəngi“ estrada-folklor ansamblının çıxışı tamaşaçılar tərəfindən hərarətlə qarşılandı. Digər türkdilli ölkələrinin də təqdim etdikləri müxtəlif incəsənət nümunələri - rəqslər, mahnılar, musiqi alətlərində ifalar tamaşaçıları özünə cəlb etmişdi. Tədbirdə Fransada fəaliyyət göstərən bir sıra ölkələrin diplomatik missiyalarının nümayəndələri iştirak edirdilər. Parisin yerli sakinlərinin də proqramı maraqla izləmələri diqqəti çəkirdi. Konsert proqramı üç saata yaxın davam etdi”.
Tədbirin sonunda bəzi türkdilli xalqların, o cümlədən Azərbaycan mətbəxindən nümunələr təqdim olunub. Milli geyimli qızların məcməyidə təqdim etdikləri Novruz şirniyyatları da tədbirə xüsusi rəng qatıb.

Köln və Vyanada Novruz coşqusu

Parisdən sonra türk dünyası incəsənət təmsilçiləri Avropanın daha iki ölkəsində Novruz proqramı ilə çıxış ediblər. Əvvəlcə 14 ölkənin 80-ə yaxın incəsənət nümayəndəsi, o cümlədən Azərbaycandan “Cəngi” rəqs qrupunun 4 üzvü Novruz rənglərini Almaniyanın Köln şəhərində tamaşaçılara nümayiş ediblər. Zaldakı ab-hava, alqış sədaları türk dünyasının mədəniyyətinə münasibəti ortaya qoyurdu.
Avropada Novruz coşqusu martın 28-də Vyanada Hofburq imperatorluğu sarayında davam edib. Tədbir möhtəşəm konsert proqramı ilə başa çatıb.
Beləliklə, türk dünyası bayram sevincini avropalılarla paylaşdı. Bu layihə bir tərəfdən TÜRKSOY-la UNESCO arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, digər tərəfdən də türkdilli ölkələrin mədəniyyətinin beynəlxalq aləmə inteqrasiyasına xidmət edir.
Türkiyənin şəhərlərində türkdilli ölkə sənətçilərinin iştirakı ilə keçirilən Novruz tədbirlərinə isə martın 28-də İstanbuldakı Bakırköydə Leyla Gencer Opera və Mədəniyyət Mərkəzində yekun vurulub. Beləliklə, TÜRKSOY ölkələrinin müvafiq nazirliklərinin əməkdaşlığı ilə həyata keçirilən bu tədbirlər sayəsində bəşəriyyətin qeyri-maddi mədəni mirası olan Novruz dünyaya coşqu ilə təqdim edilib.

Mehparə