İlin ən böyük idman tədbirinə ümumilikdə 600 min bilet satışa çıxarılıb

Bakıda keçiriləcək I Avropa Oyunlarına iki aya yaxın vaxt qalır. İyunun 12-dən 28-dək davam edəcək Oyunlara son hazırlıq işləri görülür. Yarışlar paytaxtın 16 məkanında təşkil olunacaq. Avarçəkmə yarışları Mingəçevirdəki “Kür” İdman və Avarçəkmə Mərkəzində keçiriləcək. İlk Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirakı gözlənilir.

Aprelin 3-də “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi bilet satışına başlayıb. Açılış və bağlanış mərasimlərini, 20 idman növü üzrə yarışları izləmək istəyənlər paytaxtın müəyyən yerlərində təşkil olunmuş kassalardan biletləri əldə edə bilərlər. Biletləri Park Bulvar, 28 Mall və Metro Park ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, “Azərbaycan” kinoteatrı, ASAN Xidmətin Yasamal filialı, Azadlıq meydanı və Bülbül prospekti ilə Nizami küçəsinin kəsişməsində yerləşən 8 satış məntəqəsindən əldə etmək mümkündür. Eyni zamanda biletləri onlayn (http://az.baku2015.com/tickets/index.htm) yolla almaq olar. Onlayn bilet alanlar bunun təsdiq formasını şəhərin müvafiq bilet satış məntəqələrinə təqdim etməklə öz biletlərini götürməlidirlər.

“Biletlərin qiymətləri münasibdir”

Biz də satış məntəqələrində olub, bilet alan insanlardan bir neçəsinin fikirlərini öyrəndik. Paytaxt sakini Tacəddin Ələkbərov idman həvəskarı olduğunu deyir: “Uşaq yaşlarımdan idmanla məşğul olmuşam. Bir idman həvəskarı kimi I Avropa Oyunlarının Bakıda keçirilməsi mənim üçün çox sevindirici haldır. Sərbəst güləş üzrə final mərhələsinə bilet aldım. Bu yarış Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Gənclərimiz güləş idmanı növündə daha güclüdürlər. İnanıram ki, onları final mərhələsində görəcəyik”.
Elçin Əsədov biletlər, idman yarışları haqqında məlumat almaq üçün satış məntəqəsinə müraciət edib: “Satıcılar gülərüz, mehriban gənclərdir. Bu cür xoş davranışlar hər kəsə gözəl təsir bağışlayır. Yarışların keçiriləcəyi arenaları və idman növləri haqqında məlumat almaq istəyirdim. Çalışacağım ki, idman yarışlarını canlı olaraq izləyim”.
Daha bir müsahibimiz Sevinc Məmmədova müəllimədir. Deyir ki, tətil günlərindən səmərəli istifadə etmək istəyir: “Bakıda yay çox isti olur. Amma belə idman yarışlarını qaçıra bilmərəm. Biletlərin qiyməti də münasibdir. Burada mənə “Şanslı qalib ol” kampaniyası haqqında məlumat verdilər. Ona görə onlayn bilet alacam. Çünki onlayn bilet alsam, həm yarışları izləmək, həm də qalib olmaq şansım olacaq”.
Avropa Oyunları ilə bağlı ümumilikdə 600 min, o cümlədən Olimpiya Stadionunda keçiriləcək oyunların rəsmi açılış mərasiminə 40 min biletin satışa çıxarılması nəzərdə tutulub. Seçmə mərhələdə oyunlara biletlərin qiymətləri 2-3 manat, final mərhələlərinə isə 3-5 manatdır. Sessiya dövründə 2 yaşından 16 yaşınadək uşaqlar üçün biletlər pulsuz, açılış və bağlanış mərasimlərinə tam qiymətə, Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasında isə 1 manata olacaq. 16 yaşdan aşağı bütün uşaqlar yarış arenasına şəxsiyyət vəsiqəsi və biletə sahib olan yetkin şəxslərin müşayiəti ilə gəlməlidirlər. Seçmə və final mərhələsinin keçiriləcəyi oyunlardan fərqli olaraq açılış və bağlanış mərasimlərinin qiymətləri yüksəkdir. Belə ki, açılış mərasiminə giriş biletlərinin qiyməti 20-200 manat, bağlanış mərasiminə isə 10 manatdan 100 manat arasında dəyişir. Fiziki qüsurlu şəxslər üçün yarışlara biletlər pulsuz, açılış və bağlanış mərasimlərinə isə tam qiymətə olacaq.

“Şanslı qalib ol” kampaniyası

Onlayn bileti əldə edən azarkeşlər “Şanslı qalib ol” kampaniyası çərçivəsində qiymətli hədiyyələr də qazana biləcəklər. Bilet satışı ilə bağlı Tamaşaçı Məlumat Mərkəzinə - 2015 qısa nömrəsinə zəng etməklə də ətraflı məlumat almaq olar. Mərkəzdə 20-dək operator “Bakı-2015” I Avropa Oyunları, idman növləri, yarış cədvəli, obyektləri, bilet satışı (qiymətlər, biletin alınması yolları, satış məntəqələri, “Şanslı qalib ol” kampaniyası), yarış obyektlərinə giriş, ticarət imkanları, mərasimlər və nəqliyyatla bağlı Azərbaycan və ingilis dillərində məlumat ala bilərlər.
Biletlərin böyük sayda əldə olunaraq “qara bazar”da daha yüksək qiymətə satılmasının qarşısını almaq üçün də tədbirlər görülür. Belə hallara yol verən şəxslərə qarşı böyük məbləğdə cərimələr tətbiq olunacaq. Bir nəfər şəxsiyyəti təsdiq edən sənədlə açılış və bağlanış mərasimlərinə 8, yarışlara isə maksimum 6 bilet əldə edə bilər.
Onu da deyək ki, aprelin 18-də Neftçilər, Əhmədli metro stansiyaları yaxınlığında və Fəvvarələr meydanında yerləşən McDonald’s restoranında, mayın 15-də isə Tofiq Bəhramov stadionunda da bilet satışı məntəqələri açılacaq. Bununla da I Avropa Oyunlarına bilet satışı məntəqələrinin sayı 12-yə çatdırılacaq. 12 iyun tarixindən etibarən biletləri bilavasitə yarışların keçiriləcəyi idman obyektlərinin kassalarından da əldə etmək mümkün olacaq.

Fariz Hüseynov