Avropa Oyunlarına doğru


Bakıda keçiriləcək I Avropa Oyunlarına iki aydan az vaxt qalır. 12-28 iyun tarixində davam edəcək Oyunlara 49 ölkədən 6 mindən çox idmançı qatılacaq. Yarışlar 20 idman növü üzrə keçiriləcək ki, bunların da 16-sı Olimpiya idman növləridir.

İdmançılar atletika, badminton, güləş, cüdo, sambo, karate, boks, taekvondo, avarçəkmə, kamandan oxatma, qılıncoynatma, atıcılıq, basketbol kimi yarışlarda öz bacarıqlarını sınayacaqlar. İştirakçılar həmçinin çimərlik futbolu, voleybol, çimərlik voleybolu, BMX velosipedi, şose velosipedi və dağ velosipedi idmanı, triatlon, suya tullanma, üzgüçülük, sinxron üzgüçülük, stolüstü tennis, su polosu, gimnastikanın müxtəlif növləri - bədii, akrobatika, idman və batut gimnastikası üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Su baletindən sinxron üzgüçülüyə

I Avropa Oyunlarında hər kəsə bəlli olan ənənəvi idman növləri ilə yanaşı, ölkəmizdə az tanınan idman növləri də var. Məsələn, sinxron üzgüçülük və badminton bu qəbildəndir.
Sinxron üzgüçülük “Sağlam bədəndə sağlam ruh olar” deyiminə əsaslanan hər bir kəsin ürəyincə ola biləcək ideal bədən forması və sağlam həyat tərzi formalaşdıran idman növü kimi inkişaf etməkdədir. XIX əsrin axırlarından etibarən su baletindən sinxron üzgüçülüyədək bir yol keçib. Bu oyunda idmançılar musiqi sədaları altında müxtəlif proqramlar göstərirlər. Fiqurlu konkisürmə yarışında olduğu kimi, sinxron üzgüçülükdə də idmançılar tək-tək və cütlükdə yarışırlar. Güclərini, atletizmi və bacarıqlarını nümayiş etdirmək üçün onlardan xüsusi musiqi hissiyyatı və istedad tələb olunur. Sinxron üzmə hərəkətlərinin təxminən üçdə ikisi su altında icra edilir. Bu da o deməkdir ki, idmançılar hər çıxışda ümumilikdə üç dəqiqəyə qədər nəfəslərini saxlamalıdırlar. Onlar həmçinin çimərlik kostyumlarını çıxışın musiqisinə və mövzusuna uyğun olaraq seçirlər. İlk sinxron üzgüçülük yarışları 1930-cu illərdə keçirilib. 1984-cü ildə isə Los Ancelesdə keçirilən XXIII Yay Olimpiya Oyunlarında ilk dəfə idman növləri sırasına daxil edilib.
İlk Avropa Oyunlarında sinxron üzgüçülük yarışları yeni istifadəyə verilmiş Bakı Su İdmanı Mərkəzində keçiriləcək. 5 gün davam edəcək yarışlarda öz istedadlarını nümayiş etdirmək üçün 150 gənc idmançı çıxış edəcək. Medallar uğrunda yarışlar fərdi, duet, komanda və sərbəst kombinasiya növləri üzrə keçiriləcək.

2 min yaşlı badminton

Badminton üzrə yarışlar iyunun 22-dən 28-dək keçiriləcək. Bakı İdman Zalında baş tutacaq yarışlara Avropanın bu növ üzrə ən güclü 160 idmançısı qatılacaq. Tennis oyununa oxşayan badminton iki-iki və tək-tək oynanılan, 3 və ya 5 hissədən ibarət (hər hissənin hesabı 15 xal qazanılanadək davam edir) olan idman növüdür. İdmançılar topun yerə düşməyinə yol verməmək şərtiylə onu geri və irəli vurmaqla oynayırlar. Qaydalarının sadəliyinə, kiçik meydançada, çəmənlik və çimərliklərdə oynamaq imkanı olduğuna görə müasir badminton ən kütləvi idman oyunlarından birinə çevrilməkdədir.
2 min ildən çox tarixi olan badminton Asiyada yaranıb. Avropa badmintonla XIX əsrdə tanış olub. Hindistandan qayıtmış ingilislər bu idman növünü 1872-ci ildə İngiltərədə nümayiş etdiriblər. Adı isə bu ölkədə ilk dəfə nümayiş olunduğu yaşayış məntəqəsinin - Badmintonun adı ilə bağlıdır. 1992-ci ildən Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. I Avropa Oyunları zamanı Azərbaycan idmançıları da badminton yarışlarında öz güclərini sınayacaqlar.

Fariz Hüseynov