Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında böyük əhəmiyyətə malik olan Bakı Prosesi, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun növbəti elmi təqdimatı Bakı Dövlət Universitetində təşkil olunub.
Təqdimatı Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və Elm, təhsil və gənclərlə iş şöbəsinin Elm sektorunun müdiri Asif Usubəliyev keçirib. Universitetin müəllim-professor heyətinin iştirak etdiyi tədbiri prorektor Aydın Kazımzadə açaraq Azərbaycan hökumətinin mədəniyyətlərarası dialoq istiqamətində gördüyü işlərin önəmini vurğulayıb.
Nazirlik rəsmilərinin məruzələrindən sonra mövzu ilə əlaqədar maraqlı fikir mübadiləsi aparılıb. V.Eyvazzadə qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən Bakı Prosesi və 2011-ci ildən ev sahibliyi etdiyimiz Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları ölkəmizin bu beynəlxalq layihəsinin regional formatdan qlobal hərəkata çevrildiyini, Azərbaycanın dünya mədəniyyətləri və xalqları arasında multikultural ənənələrə sahib olan, mədəniyyətlərarası körpü rolu oynayan ölkə olduğunu bir daha təsdiqləyib. A.Usubəliyev isə belə tədbirlərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz əhəmiyyətə malik olduğunu və bu prosesdə hər bir vətəndaşın iştirak etməli olduğunu vurğulayıb. Tədbir çərçivəsində nazirlik tərəfindən təşkil olunan "Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı" adlı məqalə-ideya müsabiqəsi haqqında da geniş məlumatlar verilib.
Respublikamızın elmi ictimaiyyətinin sözügedən sahəyə diqqətinin artırılmasına xidmət edən elmi təqdimatlar bundan öncə Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dillər Universiteti təşkil olunub. Növbəti təqdimatların AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti və Qərb Universitetində təşkili nəzərdə tutulub.