Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı konfrans
Aprelin 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı «Memarlıq irsimizin qorunması və istifadəsi problemləri» mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri AzMİU-nun rektoru Gülçöhrə Məmmədova açaraq bildirib ki, Azərbaycanın tarixi abidələri dövlətimizin qədimliyinin göstəricisidir və bu irsin qorunması istiqamətində səylərimizi artırmalıyıq. Azərbaycanın tarixi abidələrinin mühüm bir qisminin işğal olunmuş ərazilərdə qaldığını deyən rektor ermənilərin tarixi irsimizi mənimsəməsi cəhdlərinə qarşı daha fəal iş aparılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, bu gün respublika ərazisində bərpaya ehtiyacı olan xeyli sayda tarixi nümunələr var, onların bərpası ixtisaslaşmış mütəxəssislərə həvalə olunmalıdır.
Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə tarixi abidələrin bərpasının əhəmiyyətindən danışaraq ötən əsrin 80-ci illərində bu istiqamətdə işlərə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlandığını xatırladıb: “Hələ də görüləsi çox işlər var və burada memarların üzərinə böyük məsuliyyət düşür».
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün tarixi, əhəmiyyəti barədə danışıb. Bildirib ki, bu gün Azərbaycanda memarlıq elminin müxtəlif sahələri var və ən mühümü albanşünaslıqdır. Bu sahə Azərbaycanın qədim tarixi abidələrinin tədqiqinə imkan verir.
Mədəniyyət və Turizm Nazirliyi Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin müdiri Rüfət Nuriyev abidələrin dövlət dəstəyi ilə tədqiq və bərpa edildiyini diqqətə çatdırıb, tarix-mədəniyyət qoruqlarında görülən işlərdən söz açıb. Bildirib ki, hazırda dövlət tərəfindən «Atəşgah» qoruğunda bərpa işləri aparılır. Ümumiyyətlə, ölkə üzrə 6308 abidə dövlət mühafizəsinə götürülüb. Bundan əlavə, 1725 abidə yeni aşkarlanıb və onların da bərpasına başlanılacaq.
Tədbirdə Azərbaycanın bölgələrində olan abidələrin vəziyyəti ilə bağlı məruzələr dinlənilib.
Fəxriyyə Abdullayeva