Aprelin 21-də Muzey Mərkəzində Qara Qarayev musiqi festivalı çərçivəsində italyan bəstəkarı Salvatore Sciarrinonun XX əsr opera janrının ən gözəl nümunələrindən olan “Gözlərimin dönük nuru” əsərinin videotamaşası nümayiş etdirildi.

Tədbirdə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Marianna Vısotskayanın bəstəkarın yaradıcılığı və təqdim olunan opera haqqında mühazirəsi dinlənildi.
Bildirildi ki, 1998-ci ildə yazılmış ikihissəli “Gözümün dönük nuru” (“Luci mie traditrici”) operası artıq mübaliğəsiz dünya müasir musiqisinin klassikasına çevrilib. Bəstəkar hələ gənc yaşlarından musiqi üzrə eksperimentlərə başlayıb. Apardığı tədqiqatlar və dövrün tanınmış bəstəkarlarından dərs alması Salvatore Sciarrinonun mükəmməl musiqiçi kimi yetişməsində mühüm rolu oynayıb. Milan Konservatoriyasında dərs deyən bəstəkar özü də məşhur bəstəkarlar yetişdirib. Bunların sırasında Françesko Filidei, Lucia Ronchetti və Maurizio Pisatinin adını çəkmək olar.
Bəstəkarın yaradıcılığına kamera və orqan əsərləri, sonatalar, operalar və teatr tamaşalarına yazdığı əsərlər daxildir. Əsərləri müxtəlif beynəlxalq festivallarda səsləndirilib. Bir çox beynəlxalq mükafatların, o cümlədən 2006-cı ildə təsis edilmiş Salzburq musiqi mükafatının ilk sahibidir. O, əsərlərində vokal və instrumental musiqi imkanlarının yeniləşdirilməsi, səs materiallarının qeyri-adiliklə müasir musiqi ilə uzlaşması sahəsinə zənginlik gətirib.
Qeyd edək ki, professor Marianna Vısotskaya bir neçə dəfə Azərbaycan, Belarus, Litva və digər ölkələrdə konsert proqramları ilə çıxış edib. Xor dirijorluğu kafedrasının konsertmeysteri və Rusiya Bəstəkarlar İttifaqının üzvü olan musiqiçi bir sıra nüfuzlu beynəlxalq festivalların iştirakçısıdır.

Lalə