Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay bölgələrdə vətəndaşların qəbulunu keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sakinlərlə növbəti görüşü aprelin 29-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində gerçəkləşib. Nazir Naftalan və Gəncə şəhərlərindən, eləcə də Daşkəsən, Göygöl, Kəlbəcər və Samux rayonlarından vətəndaşları qəbul edib.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətləri dinlənilib. Müraciətlər əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix-mədəniyyət abidələrinin bərpası və s. məsələlərlə bağlı olub.
Yerlərdə muzey bələdçilərinin qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə təlim və dil kurslarına cəlb edilməsi, rayonlara tanınmış incəsənət ustalarının ezam edilməsi, yaradıcılıq görüşlərinin təşkili, kitabxanaların metodiki vəsaitlərlə, uşaq ədəbiyyatı və jurnallarla, uşaq musiqi məktəblərinin musiqi əsərlərinin klavirləri ilə təminatı, mədəniyyət evlərinin səhnə ləvazimatı ilə təchiz edilməsi barədə xahişlər edilib. Bölgələrdə qocaman ədəbiyyat, mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsi, yerli müəlliflərin əsərlərinin tamaşaya qoyulması ilə bağlı təkliflər səsləndirilib. Həmçinin Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sistemində Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin qərb bölgəsi üzrə səyyar kurslarının təşkili ilə bağlı təklif də verilib.
Gəncə Dövlət Filarmoniyasının yeni binasının tikintisi ilə bağlı dövlət başçısına və Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıq ifadə olunub və şəhərdə ictimai əsaslarla Uşaq Filarmoniyasının yaradılmasına dəstək verilməsi xahiş edilib.
Göygöl şəhərində nazirliyin dəstəyi ilə yaradılacaq alman icmasının tarixi muzeyinin fəaliyyətinin təşkili, rayonda qış turizminin inkişaf etdirilməsi barədə müraciətlər edilib.
Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə keçirilən bu görüşlərin əhəmiyyətini vurğulayıb. O, vətəndaşların təşəbbüskarlığını, mədəniyyət və turizm sahələrində problemlərə diqqət yetirməsinin təqdirəlayiq olduğunu qeyd edərək qaldırılan bütün məsələlərin diqqətlə nəzərdən keçiriləcəyini, zəruri tədbirlər görüləcəyini deyib. Nazir ayrı-ayrı müraciətlərlə bağlı müvafiq tapşırıq və göstərişlər verib. Bildirilib ki, vətəndaşlarla görüşlərdə qeyd edilən məsələlər konseptual şəkildə daim nazirliyin diqqətindədir və müvafiq proqramlar, layihələr çərçivəsində tədricən həllini tapır.