Özbəkistan paytaxtında sərgi keçirilib
Ölkəmizin Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə Daşkənddə “Könlüm keçir Qarabağdan” adlı fotosərgi keçirilib.
Mərkəzin salonunda təşkil olunan sərgidə Qarabağ xalçaları, bu torpaqdakı abidələrin və tarixi şəxsiyyətlərin fotoşəkilləri, Şuşa məscidi, Gəncəsar məbədi, Şuşa qalası və Qarabağdakı digər abidələrin, həmçinin Bakıdakı Qız qalası, Atəşgah, Naxçıvandakı Möminə Xatun türbəsi, Şəki Xan sarayının maketləri, Qarabağa aid geyim nümunələri, Azərbaycan kəlağayıları nümayiş etdirilib. Həmçinin Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin iqtisadi inkişafı haqqında nəşrlər sərgilənib.
Səfirliyin birinci katibi, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Qarabağın tarixi, bu torpağın dünya əhəmiyyətli tarixi abidələri haqqında məlumat verib, Şuşanın Üzeyir Hacıbəyli, Seyid Şuşinski, Xan Şuşinski, Natəvan, Bülbül, Süleyman Ələsgərov və digər tanınmış şəxsiyyətləri haqqında söhbət açıb.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Almaniyanın Berlin şəhərindəki “Azərbaycan evi”nin əməkdaşı Yeganə Azadova və başqaları əməkdaşlığın genişləndirilməsinin, belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd ediblər.
Sonra “Şuşa” sənədli filmi nümayiş etdirilib, mərkəzin “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi, Rəna Əzizova xalq mahnı və təsniflərimizi ifa edib.
Tədbir çərçivəsində Azərbaycan mətbəxinin nümunələri - Qarabağ kətəsi, fəsəli, kükü, şəkərbura, paxlava və s. yemək, şirniyyatlar iştirakçılara təqdim edilib. Sonda iştirakçılara Qarabağa dair nəşrlər - kitab, qəzet və bukletlər iştirakçılara hədiyyə edilib.