Mayın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rayon (şəhər) mədəniyyət və turizm şöbə (idarə) rəhbərləri və tarix-mədəniyyət abidələrinin mühafizləri ilə görüşü keçirildi.
Görüşdə çıxış edən nazir bildirdi ki, tarixi-mədəni irsimizin qorunmasında bu sahədə çalışan insanların, o cümlədən abidə mühafizlərinin üzərinə mühüm vəzifələr düşür. Bu gün bu sahədə qarşıda duran başlıca vəzifə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş «Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı»nın icrası ilə əlaqədar işlərin həyata keçirilməsini ən yüksək səviyyədə təmin etməkdir.
Nazir 2014-cü il dekabrın 14-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılmasının əhəmiyyətini vurğuladı: «Bu qurumun əsas vəzifəsi Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni irsi qorumaq və gələcək nəsillərə çatdırmaqdır. Bu gün biz nə qədər müasirliyə, geniş beynəlxalq təcrübəyə yiyələnməyə çalışırıqsa, eyni zamanda bu işlərin görülməsi xalqımıza xas olan böyük bir mirasın, tarixi keçmişimizin qorunmasına yönəlməlidir. Düşünürəm ki, bugünkü görüşdə qaldırılan məsələlər xüsusilə bölgələrdə yerləşən tarix-mədəniyyət abidələrinin mühafizəsi işində bir dönüş olacaq».
Əbülfəs Qarayev təəssüflə qeyd etdi ki, sovet dövründə tarixi abidələrimizin bərpasına, yenidən qurulmasına və digər məsələlərə beynəlmiləlçilik adı altında başqa millətlərin, o cümlədən bədnam qonşularımızın nümayəndələrinin cəlb olunması bu sahədə görülən işlərə mənfi təsir göstərib. Bu gün dövlətimiz o dövrdə buraxılmış səhvləri düzəldir, Azərbaycan tarixinin gələcək nəslə düzgün çatdırılması üçün lazımi işlər görülür.
Ölkə Prezidentinin tapşırığına əsasən hər ay regionlarda vətəndaşların qəbulunun keçirildiyini deyən nazir bu görüşlərdə mədəni və tarixi irsimizin, mirasımızın qorunması mövzusuna xüsusi diqqət ayırdığını, tarixi yerləri, abidələri ziyarət edərək vəziyyətlə tanış olduqlarını bildirdi: «2006-cı ildən, Mədəniyyət və Turizm Nazirliyi təsis olunduğu dövrdən ölkə Prezidenti tapşırıq verib ki, tarixi-mədəni irs üzərindən Azərbaycanın geniş turizm təbliğatı mexanizmi qurulmalıdır. Son illər nazirlik tərəfindən bu istiqamətdə xeyli işlər görülüb. Məhvə doğru gedən tarixi abidələrin qorunması, bərpası və yenidən qurulması bu sahədə ən aktual məsələdir”.
Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov, nazirliyin Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin müdiri Rüfət Nuriyev, «Azərbərpa» Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli çıxış edərək respublika ərazisindəki tarix-mədəniyyət abidələrinin mühafizəsində qarşıya çıxan problemlər barədə danışdılar, bu istiqamətdə görülməli işlərdən söz açdılar.
Nazir Əbülfəs Qarayev görüşə yekun vuraraq mövcud problemlərin həlli ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Fəxriyyə Abdullayeva