Xalça Muzeyində türkmən xalçalarının sərgisi və birgə konfrans keçiriləcək
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Türkmənistanın ölkəmizdəki səfiri Toylı Komekov ilə görüşüb. Nazir müavini iki ölkə arasında əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.
Səfir öz növbəsində nazirliklə sıx əlaqələrin mövcud olduğunu və gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümid etdiyini deyib.
Görüşdə Azərbaycan ilə Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və iki ölkənin bir-birinə dəstək göstərməsinin vacibliyi vurğulanıb.
Söhbət zamanı 2015-ci ilin payızında Azərbaycan Xalça Muzeyində Türkmənistan xalçalarının sərgisi və sərgi çərçivəsində keçirilməsi planlaşdırılan birgə konfrans, həmçinin Türkmənistanın mədəniyyət naziri Annageldi Qaracayevin Azərbaycana səfəri müzakirə edilib.
Səfir T.Komekov qəbula görə nazir müavininə təşəkkürünü bildirib, iki ölkənin mədəni əlaqələrinin dinamik prosesinin şahidi olmasından məmnunluğunu ifadə edib.