Mayın 7-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunan tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bildirdi ki, bu gün dünyanın çox ölkəsində bayram edilən bu qələbənin əldə edilməsində Azərbaycan xalqının tarixi rolu olub. Muzeyin şöbə müdiri Xanım Abdinova II Dünya müharibəsində Azərbaycan xalqının ön cəbhədə və arxa cəbhədə göstərdiyi şücaət və fədakarlıqdan bəhs etdi.
Müharibə veteranları Sofa Cəfərova, Qara Sarıyev çıxış edərək müharibə xatirələrini bölüşdülər.
Çıxışlardan sonra hərbi-vətənpərvərlik ruhlu mahnılardan ibarət konsert proqramı təqdim olundu. Daxili Qoşunların orkestrinin solisti, Əməkdar artist Rəna Əliyeva, Dövlət Musiqili Teatrının solisti Rauf Babayev, BMA-nın IV kurs tələbəsi Güllü Babaşova və başqalarının ifasında Ü.Hacıbəylinin “Şəfqət bacısı”, “Çırpınırdın, Qara dəniz”, S.Ələsgərovun “Vətənimdir”, N.Boqoslovskinin “Temnaya noç”, A.Zeynallının “Ölkəm” və s. mahnılar səsləndirildi.
Sonda tədbir iştirakçıları Azərbaycan xalqının igid övladlarının qəhrəmanlığını əks etdirən materiallar əsasında hazırlanan sərgiyə baxdılar.
Savalan Fərəcov