Qələbənin 70 illiyinə həsr edilmiş kitabların təqdimatı

Mayın 7-də Milli Kitabxanada ehtiyatda olan polkovnik Georgi Zapletinin Qələbənin 70 illiyinə həsr edilmiş “Vətənə və elmə xidmət etdilər...” və “Azərbaycan Böyük Vətən müharibəsi illərində (1941-1945)” kitablarının təqdimatı keçirildi.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin sektor müdiri Lətifə Məmmədova əlamətdar yubiley tədbirlərinin əhəmiyyətindən danışdı, 9 May - Qələbə Gününün ümummilli lider Heydər Əliyev tərəfindən bərpa edilərək hər il təntənəli şəkildə qeyd edildiyini vurğuladı. Bildirildi ki, Azərbaycan xalqı Böyük Vətən müharibəsində bütün çətinliklərə sinə gərərək həm ön, həm də arxa cəbhədə qəhrəmanlıqlar göstərib. Bu zəfərin qazanılmasında əməyi olan Vətən övladlarının xatirəsi, müharibənin od-alovundan keçən veteranlar ehtiramla yad edilir.
Kitabların müəllifi Georgi Zapletin Böyük Vətən müharibəsində vuruşan azərbaycanlı oğul və qızların şücaətindən danışdı, böyük zəfərin əldə olunmasında Bakı neftinin mühüm rolundan söz açdı.
Qeyd edək ki, hər iki kitab AMEA-nın prezidenti, akademik Akif Əlizadənin redaktorluğu ilə işıq üzü görüb. “Vətənə və elmə xidmət etdilər...” kitabında döyüş yolu keçmiş alimlərin həyatı və elmi fəaliyyətləri əksini tapıb. “Azərbaycan Böyük Vətən müharibəsi illərində (1941-1945)” kitabı isə müharibə dövründə bütün əməyini elmi tədqiqatlara, sənaye sahəsinə həsr edən alimlərə həsr edilib.
Təqdimat çərçivəsində “Şanlı Qələbənin 70 illiyi” mövzusunda kitab sərgisinin də açılışı oldu. Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək yeni nəşrlərin tarixi hadisələrin yaddaşlarda yaşamasına zəmin yaradacağını vurğuladı. Qeyd olundu ki, sərgidə Böyük Vətən müharibəsində rəşadətlə vuruşan qəhrəman oğullarımız haqqında 100-dən artıq ədəbiyyat nümayiş olunur.

L.Azəri