“Müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır”

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.


Mərasimdə nitq söyləyən dövlət başçısı Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində xalqımızın həyatında rolundan, tarixi xidmətlərindən bəhs edib. Vurğulanıb ki, ulu öndərin respublikamıza rəhbərliyinin hər iki dövründə Azərbaycan sürətlə inkişaf edib. 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyevin strateji qərarları ölkəmizin strateji inkişaf istiqamətlərini müəyyən etdi.
1993-2003-cü illər tariximizdə sabitlik və inkişaf dövrü kimi qalacaq. 2003-cü ildən sonra isə Azərbaycan tarixinin yeni dövrü başlayır: “Əslində bu, əvvəlki dövrün məntiqi davamıdır. Bu gün Azərbaycan inkişafdadır. Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir. Azərbaycan dövləti çox möhkəm dayaqlar üzərində qurulubdur. Milli mənəvi dəyərlər birinci şərtdir. Biz öz milli mənəvi dəyərlərimizə sadiqik və onları hər şeydən üstün tuturuq. Bu, möhkəm təməldir. Bizim milli ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən formalaşıbdır. Azərbaycançılıq ideologiyası bu gün artıq bir nümunə kimi mövcuddur. Biz bunu, bu ideologiyanı inkişaf etdiririk, zənginləşdiririk”.
Qeyd olunub ki, bu gün Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun mərkəzlərindən birinə çevrilib. Ölkəmizin beynəlxalq nüfuzu çox yüksək səviyyədədir. Azərbaycanda keçirilən beynəlxalq təbdirlər bunu əyani şəkildə sübut edir: “Azərbaycan beynəlxalq aləmin dəyərli üzvüdür. Bundan sonra görüləcək işlər nəticəsində bizim təsir imkanlarımız daha da genişlənəcək. Beynəlxalq nüfuz, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, infrastruktur layihələrinin icrası - bütün bunlar Azərbaycan reallıqlarıdır. Azərbaycan bir neçə gündən sonra tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını qəbul edəcək. 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını qəbul edəcək. Bu da ölkəmizin nadirliyini əks etdirən ən gözəl göstəricidir. Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkədir. Bu coğrafi yerləşmə əlbəttə ki, bizim tariximizə də, bugünkü vəziyyətimizə də təsir edir. Mən əminəm ki, Azərbaycan xalqı bundan sonra da ulu öndərin siyasi xəttinə sadiq qalaraq sürətlə inkişaf edəcək, dövlət müstəqilliyini möhkəmləndirəcək”.
Sonra Heydər Əliyev mükafatının təqdimetmə mərasimi olub. Dövlət başçısı Xalq rəssamı Tahir Salahova Heydər Əliyev mükafatını təqdim edib.
Mərasimdə Heydər Əliyev Fondu tərəfindən 2009-cu ildə təsis edilən “Qızıl çinar” beynəlxalq mükafatının 2015-ci il üzrə qalibləri elan olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə dəstəyinə və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirakına görə tanınmış incəsənət eksperti Erve Mikaelofa “Qızıl çinar” beynəlxalq mükafatını təqdim edib.
Qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq məktəbinin inkişafına, yeni ifaçılar nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə Xalq artisti Ağaxan Abdullayev də “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunub.
Təntənəli mərasim konsert proqramı ilə davam edib.