Mayın 8-də Azərbaycan Milli Kitabxanasında AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə ümummilli liderin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev irsinin tədqiqi məsələləri” mövzusunda elmi konfrans keçirildi.
Milli Kitabxananın direktoru Kərim Tahirovun açılış sözündən sonra ulu öndər Heydər Əliyevin bu mədəniyyət ocağında keçirdiyi görüşlərdən, iştirak etdiyi tədbirlərdən bəhs edən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev müasir müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, mütərəqqi dünya təcrübəsinə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasını qoyan ümummilli liderin apardığı daxili siyasət hər bir vətəndaşa azad yaşamaq imkanları yaratdı. Bu isə Azərbaycanın tarixi inkişaf prosesinə təkan verdi.
Vaqif Əliyev qeyd etdi ki, müasir azərbaycançılıq məfkurəsini yaradan ulu öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi milli dövlətçilik ideyasının reallaşdırılmasında mühüm rol oynayıb.
Konfransda Milli Kitabxananın direktoru Kərim Tahirov “Milli Kitabxananın inkişafının Heydər Əliyev mərhələsi”, AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudov “Heydər Əliyev: dünya tarixinin azərbaycanlı dahisi”, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Heydər Əliyev irsinin təbliğində Milli Kitabxananın rolu” mövzusunda məruzələrlə çıxış etdilər. AMEA-nın Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımovun “AMEA-nın Tarix İnstitutunda Heydər Əliyev irsinin öyrənilməsi sahəsində aparılan tədqiqatlar və bunun nəticələri”, Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayevanın “Heydər Əliyev və kitabxana işi”, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun “Heydər Əliyevin neft strategiyası” və Tarix İnstitutunun elmi işçisi Leyla Hüseynovanın “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri” mövzusunda məruzələri də dinlənildi.
Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova “Heydər Əliyev. Mədəniyyətimizin hamisi” adlı elektron məlumat bazasını təqdim etdi.
Sonda tədbir iştirakçıları “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti - Heydər Əliyev” adlı kitab sərgisi ilə tanış oldular.
Lalə