“Bakı-2015” məşəlinin səyahət turu yolu yarı edib
12-28 iyun tarixində ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına son hazırlıqlar davam edir. Mayın 13-də paytaxtda inşa olunan daha iki idman kompleksinin - Avropa Oyunları Parkının və Veloparkın açılışı keçirilib. Mərasimlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva iştirak ediblər.
Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir, ümumi ərazisi 18 hektardır. Su polosu yarışları üçün 1836 və 560 tamaşaçı yeri olan iki üzgüçülük hovuzu inşa edilib. Basketbol yarışları kompleksində 2008 nəfərlik tribuna quraşdırılıb. Həmçinin hər biri 376 tamaşaçı tutumuna malik üç meydança da idmançıların ixtiyarına veriləcək. Çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksində final yarışları üçün 2931 tamaşaçı tutumu olan meydança, hər biri 302 tamaşaçı yerinə malik üç adi və iki məşq meydançası var.
Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb. Dünya idmanında yeni olan BMX start xəttindən istifadə edən və maneəli cığırlarda motokros stilində yarışan velosipedlərlə bağlı idman növüdür. İlk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında təmsil olunub.
Bu arada I Avropa Oyunlarının aprelin 26-da Atəşgahda yandırılan məşəlinin ölkə üzrə səyahət turu davam edir. Mayın 13-də Bərdə şəhərində növbəti alov festivalı keçirilib. Dövlət Bayrağı meydanında məşəlin təntənəli qarşılanma mərasimi olub. Məşəlçilər yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Nüşabə küçəsi və Heydər Əliyev prospektindən keçməklə, Bərdə türbəsinə, sonra isə mərkəzi meydana gəliblər. Səhnədə Avropa Oyunlarının məşəli alovlandırılıb. Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin konsert proqramı bərdəlilərin bayram sevincini daha da artırıb. 50 min nəfərə yaxın insanın izlədiyi festival, o cümlədən idmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, Alov şousu hər kəsdə xoş ovqat yaradıb. Alov festivalı atəşfəşanlıqla başa çatıb.
Mayın 14-də məşəl karvanı Goranboy və Naftalana yollanıb. Növbəti dayanacaqlar Göygöl, Gəncə, Daşkəsən olacaq. Bölgələrdə alov turu iyunun 10-dək davam edəcək. Artıq məşəlin ölkə üzrə səyahətində 26 şəhər və rayon arxada qalıb. İyunun 10-dək davam edəcək alov turu ümumilikdə 60 məntəqəni əhatə edəcək.