III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mayın 18-də gerçəkləşən daha bir seminarı “Təhsil vasitəsilə birgə yaşamağı öyrənmək: siyasətdən təcrübəyə” mövzusunda idi.
UNESCO-nun təşkilatçılığı ilə keçirilən seminarın moderatoru qurumun sosial və humanitar elmlər üzrə regional müşaviri Suzan Vizen idi. Seminarda məruzə ilə çıxış edən UNESCO-nun elmi işçi, təhsil siyasəti və islahatlar bölməsinin əməkdaşı Alienor Salmon qurumun təhsildə önəmli layihələri haqqında məlumat verdi. Bildirdi ki, bu layihələr əsasında dayanıqlı inkişaf üzrə təhsil proqramları həyata keçirilir. Layihələrə 2012-ci ildən start verilib və Əfqanıstan, Nepal, Filippin, Şri Lanka, Tailand - ümumilikdə 10 ölkəni əhatə edir.
Məruzəçi qeyd etdi ki, layihələrə Asiya və Sakit okean regionunda daha çox önəm verilir. Bu ərazilərin bəzisində şagirdlərin ibtidai riyaziyyat biliklərindən xəbəri belə yoxdur. Bütün bu problemlərlə yanaşı, şagirdlərə əlavə təlimlər də keçilməlidir. Hər bir ölkənin mədəniyyəti və dini nəzərə alınmalıdır.
Koreya Respublikası Təhsil İdarəsinin əməkdaşı Kindong Bae bildirdi ki, təhsildə əsas meyar vətəndaşlıq anlamı olmalıdır: “Bizim yaratdığımız beynəlxalq anlaşma naminə təhsil mərkəzində müəllimlər müxtəlif ölkələrdən dəvət edilib və eyni zamanda onlar fərqli respublikalara ezam olunurlar. Onlar bu ölkələrlə tanış olub şagirdlərinə məlumatlar verirlər. Bu təhsil mərkəzində biz sülh mədəniyyəti yaratmaq istəyirik. Qlobal vətəndaşlıq təhsili Koreya təhsilinin fəlsəfi əsasını təşkil edir”.
“SEAMEO Innotech”in baş tədqiqatçısı Eelaissa Mendoza Filippinin təcrübəsindən danışdı. Onun sözlərinə görə, vətənpərvər və mənəvi dəyərləri yüksək olan gənclik cəmiyyətə ədalətli töhfədir: “Vaxtilə müstəmləkəçilik və diktaturada yaşamış xalq olaraq biz bu sahədə daha diqqətliyik. Bu səbəbdən də şagirdlərə ədalətli və bərabərhüquqlu cəmiyyəti təbliğ edirik”.
Norveç Aviasiya Komitəsinin direktoru Terye Maqnusson Vatterdal Əfqanıstanda təhsil problemləri ətrafında fikirlərini bölüşdü. Bu ölkədə təhsilin böyük problem olduğunu bu sahədə xeyli çatışmazlıqların olduğunu nəzərə çatdırdı. Əfqanıstanda qızların təhsildən kənarda qalması kimi çətinliklərdən söz açdı.
“NİST” beynəlxalq məktəbinin təlim rəhbəri Culina Edvards təhsil vasitəsilə birgə yaşamağı öyrənmək mövzusu üzrə Tailandda fəaliyyət göstərən məktəblər haqqında seminar iştirakçılarına məlumat verdi. Bildirdi ki, Tailandda fəaliyyət göstərən “NİST” beynəlxalq məktəbində dərslər sual əsaslı fəlsəfə üzərində qurulur, kurikulumda yeniliklər edilir.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov bildirdi ki, ölkəmiz müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşir. Məhz bu səbəbdən ölkəmiz hər zaman mədəniyyətlərarası dialoq tərəfdaşı olub və bu prosesə öz töhfəsini verib: “Azərbaycan irqindən, dinindən, milliyyətindən asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradır, təminat verir. Tarix boyu ölkəmizdə etnik və dini azlıqlar sərbəst yaşamışlar və heç bir təzyiqə məruz qalmamışlar. Onlara öz mədəni irslərinin qorunub saxlanması və inkişafı üçün şərait yaradılmışdır. Təhsil haqqında qanuna əsasən ölkəmizin məktəblərində tədris Azərbaycan və rus dillərində aparılır. Milli azlıqların sıx yaşadığı ərazilərdə onların öz ana dillərinin öyrənilməsi üçün müvafiq imkanlar yaradılmışdır”.
Nazir müavini Azərbaycanda mədəniyyətlərarası və dinlərarası məsələlərə çox həssas yanaşıldığını vurğuladı. Qeyd olundu ki, gələcək nəslin yetişdirilməsində bəşəriyyətin inkişafını təmin edən əsas dəyərlər durur. Bu, ekoloji davamlılıq, mədəni müxtəliflik, insanlar arasında həmrəylik, birgəyaşayış, sosial mənsubiyyət və gender bərabərliyidir.
Seminar fikir mübadilələri ilə davam etdi.
Lalə Azəri