Forum iştirakçılarının təəssüratları Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrinin əhəmiyyətini bir daha təsdiqləyir

100-dək ölkə təmsilçisinin qatıldığı III Ümumdünya Mədəniyyətlərarası Dialoq aktual mövzuların müzakirəsi, maraqlı fikir mübadiləsi ilə yadda qaldı. Tədbirdə iştirak edən bir neçə ölkənin rəhbər nümayəndələrinin təəssüratlarını öyrəndik.

Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekov:
- Forum çox aktual məsələlərə toxunur. Dünyada ekstremizm, terrorizm təhlükəsi hamını narahat edir. Çoxları bunu dinlə əlaqələndirir. Amma hamımız bilirik ki, islam dini insanları sülhə, xeyirxahlığa, dostluğa, qardaşlığa səsləyir. Azərbaycanın Dialoq Forumunu təşkil etməsi və dünyanın bir çox ölkələrinin və nüfuzlu təşkilatların bu tədbirdə iştirakı bir daha sübut edir ki, insanlar bir-birindən fərqlənmir. Mədəniyyətlər, düşüncələr, ümumi maraqlar da eynidir. Bütün bunlar dünyada sülhün, əmin-amanlığın və birgəyaşayış maraqlarının qorunmasına xidmət edir.

İtaliya İslam Cəmiyyətinin vitse-prezidenti Yasha Pallaviçini:
- Azərbaycanla əməkdaşlığımızdan çox məmnunuq. Biz burada nümayəndə heyətimizlə birlikdə iştirak edirik və “Dialoq qlobal inam quruculuğu kimi” mövzusunda seminarda fikirlərimizi paylaşırıq. Konfranslar maraqlı keçir. Bundan əlavə, Bakının memarlığı bizi heyran etdi.
Milan EXSPO sərgisində “Azərbaycanı tanıyaq” adlı layihəmiz var. Bu layihə çərçivəsində mədəniyyətlərarası dialoqun inkişafına səy göstəririk. Cəmiyyətimiz Azərbaycan-İtaliya əməkdaşlığını elmi, dini, iqtisadi və turizm cəhətdən inkişaf etdirməyə səy göstərir.

Litvanın mədəniyyət naziri Şarunas Birutis:
- Biz dost ölkə olaraq Forumda böyük məmnunluqla iştirak edirik. Bəzi seminarları dinlədim və dəyərli fikirləri qeydə aldım. Mədəniyyətlərarası dialoq elmi və mədəni əməkdaşlıq, fikirlərin bölüşməsi üçün ən yaxşı variantdır. Dialoq Forumu mədəniyyətin qloballığını bir daha insanlara çatdırır və bizləri daha da dərin ideyalara səsləyir.

Albaniya mədəniyyət nazirinin müavini Zev Çuni:
- Forumdan danışarkən yüksək təşkilatçılıq, qarşılıqlı anlaşmanı qeyd etməliyəm. Burada nüfuzlu təşkilatlar təmsil olunur və onların yürütdüyü ideya, mövzular günümüz üçün çox aktualdır. Nazirlərin görüşündə bir sıra əhəmiyyətli fikirlər söylənildi. İki gün ərzində maraqlı və əhəmiyyətli hadisələrin şahidi olduq. Məni şəhəriniz və insanlarınız da çox maraqlandırır. Ona görə də sabah Bakını gəzmək, daha da yaxından tanış olmaq istərdim. Amma burada olduğum qısa müddət ərzində çox müsbət fikirlər yaranıb. Hər birinizə bu xoş münasibət üçün minnətdaram.

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze:
- Forum çox mühüm əhəmiyyət kəsb edir. Burada təcrübələrimizi bölüşürük. Konfliktlər, münaqişələr və onların qarşısının alınma yolları kimi suallara Forumda cavab axtarılır və hər kəs öz təcrübəsini bölüşür. Mədəni dialoq bütövlükdə xarici siyasət üçün effektli vasitədir. Mən bütün dostlarımı, mədəniyyət sahəsində çalışan rəhbərləri bu Forumda aktiv iştiraka dəvət edir, dəyərli ideyaları bölüşməyi və eyni zamanda bu ideyalardan yararlanmağı məsləhət bilirəm. İnsanlar bir-birinin mədəniyyəti ilə yaxından tanış olanda qarşılıqlı hörmət yaranır, hörmət isə inama çevrilir. Ona görə də dialoqdan bundan sonra da inam və dövlətlərin bir-birinə hörmətinin artmasını gözləyirəm.

Ukrayna mədəniyyət nazirinin müavini Andrey Vitrenko:
- Forumda çox sayda ölkənin mədəniyyət nazirləri iştirak edir. Mədəniyyət və turizm sahəsində çalışan insanların bir araya gəlməsi bu sahədə müəyyən yeni layihələr və əməkdaşlığa təkan verəcək. Azərbaycan tolerant və çoxmillətli dövlətdir. Seminarlar zamanı tolerantlıq barədə bir sıra fikirlər səsləndi. Amma mən əminliklə deyə bilərəm ki, burada başqa xalqların adət-ənənələrinə hörmət və ehtiramla yanaşırlar. Məhz bu səbəbdən də Azərbaycan bu gün mədəniyyətlərarası dialoqun paytaxtıdır. Seminarlar zamanı gələcək inkişaf mərhələləri barədə müzakirələr də irəli sürülür, müxtəlif rəylər ətrafında fikir mübadiləsi aparılır. Bu da insanları, mədəniyyətləri, düşüncələri yaxınlaşdırmağa xidmət edir.

Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov:
- Forum barədə fikirlərim yüksəkdir. Mən Azərbaycan mədəniyyəti və Azərbaycanın tarixi ilə tanışam və ölkəniz haqqında məlumatlıyam. Buna görə də Forumda iştirakımdan məmnun olmaqla yanaşı, həm də sizin mədəniyyətiniz, abidələriniz, tarixi məkanlarınızı gəzmək istərdim. Artıq III dəfə keçirilən Forum isə öz işini elə dəqiq və qiymətli ideyalar üzərində qurub ki, proqramla tanışlıq zamanı hər bir seminarda iştirak edib fikirləri bölüşmək arzusu yaranır.

Serbiyanın mədəniyyət naziri İvan Tasovac:
- Çox şadam ki, Forumda iştirak edə bildim və öz fikirlərimi həmkarlarımla bölüşmək imkanı qazandım. Belə bir təşkilatçılığa görə Azərbaycana təşəkkürümü bildirirəm. Bu gün bütün dünyada neqativliklərlə mübarizənin yolu məhz mədəniyyətlərarası dialoqdan keçir və bizlər bu sahədə əməkdaşlığı dəyərləndirməliyik.

Lalə Azəri