Avropanın idman tarixində yeni səhifə açacaq “Bakı-2015”-in başlamasına iki gün qaldı. Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan “Atəşgah”da alovlandırılan məşəli Azərbaycanın 60 rayon və şəhərindən, habelə əfsanəvi Neft Daşlarından keçərək iyunun 7-də paytaxta gətirilib.

Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Neftçi Nahid Nuriyevdən məşəli qəbul edən dövlət başçısı sonra onu Böyük Vətən müharibəsi veteranı Fatma Səttarovaya təqdim edib.
Bununla da birinci Avropa Oyunlarının məşəlinin Bakı estafeti başlayıb. Paytaxt marşrutunun növbəti məkanı Ağ Şəhər bulvarı olub. Çoxsaylı məşəlçilərin bir-birinə ötürdükləri “Bakı-2015”-in məşəli estafet boyunca böyük coşqu ilə qarşılanıb. Növbəti məkanda - paytaxtın Neftçilər prospektində məşəlin gəlişini böyük izdiham qarşılayıb. “Bakı-2015”-in məşəlçisi şərəfinə layiq görülmüş Xalq artisti Arif Babayev burada məşəli Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim edib.
Süvarilərin müşayiəti, bu unudulmaz anların sevincini yaşayan çoxsaylı insanların sürəkli alqışları altında birinci xanım Mehriban Əliyeva məşəli Montrö caz festivalının qalibi, Əməkdar artist, pianoçu və bəstəkar İsfar Sarabskiyə təqdim edib. Sonra məşəli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva daşıyıb. Sərbəst güləş üzrə Avropa çempionu İqbal Hacızadədən “Bakı-2015”-in məşəlini Arzu Əliyeva qəbul edib. Sərbəst güləş üzrə dünya və Avropa çempionatlarının qalibi Hacı Əliyev məşəli növbəti estafetçiyə - Heydər Əliyevə təqdim edib.
Ümumilikdə 100 məşəlçinin iştirak etdiyi estafetin sonunda Dövlət Bayrağı Meydanından və “Baku Crystal Hall”dan keçən məşəli Olimpiya çempionu Namiq Abdullayev Qız qalasına gətirib. Məşəl Oyunların açılış mərasiminədək gecələr burada saxlanılacaq. Paytaxtda idman arenalarını, tarixi-mədəni məkanları əhatə edəcək məşəl turu iyunun 11-də başa çatacaq. Ayın 12-də isə Milli Olimpiya Stadionunda Avropa Oyunlarının məşəli alovlandırılacaq.