Odlar Yurdunda böyük idman şöləni başlanır
İyunun 12-də Bakıda Avropa Oyunlarına start veriləcək. 2012-ci ilin dekabrında Romada qəbul olunan tarixdən ötən iki il yarım ərzində ölkəmiz böyük hazırlıq mərhələsindən keçib, müasir idman kompleksləri inşa olunub, bəzi idman obyektləri əsaslı şəkildə yenidən qurulub. Bakı Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməyə hazırdır.
Tarixə düşmək arzusu
Möhtəşəm idman şölənində Azərbaycan da daxil olmaqla 50 ölkədən 6 mindən artıq idmançı 20 idman növündə yarışacaq. Onlardan 16-sı Olimpiya növüdür. Azərbaycan 291 idmançı ilə mübarizəyə qatılacaq. Bu idman tədbirinin əhəmiyyətini artıran mühüm amillərdən biri də 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır.
Yarışlarda ən böyük heyətlə Rusiya Federasiyası iştirak edəcək. Şimal qonşumuz I Avropa Oyunlarına 359 idmançı göndərib.
Ən çox idmançı ilə yarışlara qatılan ölkələr arasında ilk onluqda həmçinin İtaliya (291), Almaniya (266), Fransa (251), Ukrayna (243), İspaniya (216), Polşa (212), Macarıstan (200) və Türkiyə (191) var. Yarışlarda ən az idmançı ilə təmsil olunacaq ölkələr isə Monako (6), Lixtenşteyn (10), Kosovo (18), İslandiya (19) və San Marinodur (20).
İdmançılar 17 gün ərzində Bakıda və Mingəçevirdə (avarçəkmə yarışları) yerləşən 18 idman obyektində, 253 dəst medal uğrunda mübarizə apararaq I Avropa Oyunlarının qalibi kimi tarixə düşməyə çalışacaqlar.
Bəzi yarışlar haqqında...
I Avropa Oyunları zamanı maraqlı mübarizənin şahidi olacağımız güləş üzrə yarışlar 13-18 iyun tarixində Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. 480 idmançı 24 medal dəsti uğrunda mübarizə aparacaq. Bu idman növündə Azərbaycan idmançılarının şansları yüksək qiymətləndirilir.
13-19 iyun tarixində Bakı İdman Sarayında stolüstü tennis yarışlarında 128 idmançı iştirak edəcək. Kişilərin və qadınların tək və komanda yarışlarında 4 medal dəsti uğrunda oynanılacaq. Fərdi yarışların qızıl medal sahibləri “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar.
Voleybol üzrə kişilərin və qadınların turnirində 12 komanda 2 medal dəsti uğrunda mübarizə aparacaq. Turnir “Rio-2016” üçün önəmli reytinq xalları qazanmaq şansı da yaradacaq. “Baku Crystal Hall”da baş tutacaq yarışlar 13-28 iyun tarixində keçiriləcək.
Ən maraqlı idman növlərindən biri olan avarçəkmə üzrə yarışlar Mingəçevirdə - “Kür” Olimpiya Tədris İdman Mərkəzində gerçəkləşəcək. İyunun 14-dən etibarən 350 idmançı 3 yarış günü ərzində 15 medal dəsti uğrunda mübarizə aparacaq.
“Baku Crystal Hall”da keçiriləcək taekvando üzrə yarışlarda kişilər və qadınlar 4 gün ərzində 8 medal dəsti uğrunda, dörd çəki dərəcəsində qüvvələrini sınayacaqlar. 16-19 iyun tarixində gerçəkləşəcək yarışda 128 idmançı iştirak edəcək.
25-28 iyunda Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə kişilər və qadınların yarışında 366 idmançı 4 gün ərzində fərdi və komanda şəklində mübarizə aparacaq.
Bayrağımızı Avropa çempionu Elmar Qasımov daşıyacaq
I Avropa Oyunlarının açılış mərasimində komandaların keçidi zamanı Azərbaycan bayrağını cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Elmar Qasımov daşıyacaq. Elmar Qasımov 2009-cu ildə Yerevanda keçirilən gənclər arasında Avropa çempionatında Azərbaycan bayrağını ən yüksək zirvəyə qaldırıb. Həmçinin Mərakeşdə “Usta idmançılar arasında” yarışda, Samsunda və Tbilisidə keçirilən Qran-pri yarışları da daxil olmaqla bu il üç qızıl medal qazanıb.
Fariz