Mayın 7-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük türkmən şairi Məxtumqulu Fəraqinin 290 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. “Dostluq və qardaşlıq carçısı Məxtumqulu Fəraqi” mövzusunda konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli türkmən ədəbiyyatının klassikinin yaradıcılığından bəhs edib. Qeyd olunub ki, Fəraqinin yubileyi ilə bağlı tədbirlər Bakıda başlayır, İranda davam edəcək və Aşqabadda yekunlaşacaq.
Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov ölkələrimiz arasında dostluğun dərin tarixi və mədəni köklərə malik olduğunu söyləyib. Səfir böyük türkmən şairinin 290 illik yubileyinin Bakıda keçirilməsinin iki ölkənin mədəni əlaqələrinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ölkəsində Məxtumqulu Fəraqinin irsinə dərin hörmət və rəğbətlə yanaşıldığını deyib.
Konfransda Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun nümayəndələri Atamurad Saparmuradov, Meylis Cabbarov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı İsmixan Osmanlı və başqaları görkəmli şairin həyat və yaradıcılığından geniş söhbət açıblar.