Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında təşkilatın prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Maksat Mamıtkanovla görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, Aktotı Raimkulova səfiri təbrik edib, işlərində uğurlar arzulayıb.
Görüşdə Fondun prezidenti Türk dünyasının zəngin irsinin və qədim tarixinin qorunması, öyrənilməsi və beynəlxalq aləmdə təbliği istiqamətində təşkilatın həyata keçirdiyi layihələrdən bəhs edib. Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv dövləti olan Qırğızıstan arasında sıx tərəfdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb. Fondun prezidenti Bişkekdə yerləşən dahi qırğız şairi və dramaturqu Alıkul Osmonovun ev–muzeyində təşkilat tərəfindən aparılan bərpa işlərindən danışıb.
Səfir Maksat Mamıtkanov Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının maddi-mənəvi irsinin öyrənilməsi və qorunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək Qırğızıstan ilə Fond arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin Fondun həyata keçirdiyi gələcək layihələrə Qırğızıstan tərəfindən hərtərəfli dəstəyin göstəriləcəyinə əminliyini ifadə edib.
Görüş Fondla Qırğızıstan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi və gələcək birgə layihələrin müzakirəsi ilə davam edib.