Oktyabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin əsərlərindən ibarət “Ürək mahnıları” adlı konsert proqramı keçiriləcək. Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.
Tofiq Quliyev Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradıb. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur.
Bəstəkarın vokal inciləri özünəməxsus dəst-xəti ilə seçilir. Nizaminin “Könlüm” və “Sevgilimə”, Xaqaninin “Bəxtəvər oldum” qəzəllərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir.