“Bu idman, dostluq tədbiri bizim üçün avropalılara tariximizi, ənənələrimizi, ədəbiyyatımızı, musiqimizi nümayiş etdirmək fürsəti verir”

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün qəbul təşkil edilib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki komitənin yüksək səviyyəli nümayəndələrini Prezident İlham Əliyevə təqdim edib. Qəbulda iştirak edən qonaqların hər biri ilk Avropa Oyunlarının möhtəşəm açılış mərasiminin xoş təəssüratlarını bölüşüblər. Birinci Avropa Oyunlarında beynəlxalq idman ictimaiyyətinin tanınmış simalarının iştirakı bu yarışlara dünyada olan marağı bir daha göstərir. Qitənin mötəbər idman tədbirini keçirməklə Azərbaycan həm də növbəti Avropa Oyunlarının standartlarını müəyyən etmək kimi şərəfli bir missiyasını yerinə yetirir.
Mərasim birinci Avropa Oyunlarının açılışından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
Prezident İlham Əliyev qəbulda çıxış edib. İyunun 12-də keçirilən möhtəşəm açılış mərasimini bir daha xatırladan dövlət başçısı bu mərasimin zəngin mədəni irsimizin təqdimatı baxımdan da əlamətdar hadisə olduğunu diqqətə çatdırıb: “Hamımız təqdimatdan çox dərin təəssürat aldıq. Bu, qonaqlarımız üçün Azərbaycan, onun mədəniyyəti, musiqisi, ənənələri haqqında daha ətraflı məlumat əldə etmək, bizim tamaşaçılar üçün isə Avropanın aparıcı idmançılarını, bütün beynəlxalq və Avropa Olimpiya ailəsinin nümayəndələrini görmək və ölkəmizlə fəxr etmək imkanı idi. Açılışdan sonra mənə olunan çoxsaylı müraciətlərin hər birində insanlarımız ölkəsi ilə fəxr etdiklərini bildirirlər”.
Dövlət başçısı vurğulayıb ki, ilk Avropa Oyunlarının təşkili həm Azərbaycan, həm də Avropa üçün tarixi əhəmiyyət kəsb edən hadisədir: “Biz miqyasına görə Yay Olimpiya Oyunlarından sonra ən böyük beynəlxalq idman tədbirini təşkil etmək imkanı əldə etdik. Avropa idmanı üçün isə bu, ədaləti bərpa edən qərar oldu. Çünki bildiyimiz kimi, digər qitələr uzun illərdir ki, öz Oyunlarını keçirirlər və yalnız Avropanın belə bir Oyunları yox idi. Olimpiya hərəkatının, Olimpiya ideyalarının, olimpizmin vətəni Avropadır. Biz gərgin çalışdıq, insanlarımızın, qonaqlarımızın və bütün Avropanın yaddaşında qalacaq səviyyədə Oyunları təşkil etdik. Bu fürsətdən istifadə edərək, Azərbaycan xalqını, eyni zamanda, Avropa xalqlarını bu möhtəşəm hadisə ilə bağlı bir daha təbrik etmək istərdim”.
Azərbaycanın müstəqilliyini bərpa etməsindən cəmi 24 il keçdiyini xatırladan Prezident bu müddətdə ölkəmizin bütün sahələrdə böyük inkişaf yolu keçdiyini bildirib: “Gənc ölkə Azərbaycan üçün bu möhtəşəm idman tədbirinin nə dərəcədə əhəmiyyətli olduğunu anlaya bilərsiniz. Bu, idman, dostluq tədbiridir. Bizim üçün isə bu, avropalılara tariximizi, ənənələrimizi, ədəbiyyatımızı, musiqimizi nümayiş etdirmək fürsəti verir. Əminəm ki, Oyunlardan sonra Avropadan Azərbaycana daha çox qonaq və turistlər təşrif buyuracaq və avropalılar Azərbaycan haqqında daha dolğun məlumat alacaqlar.
Bizim ölkənin qədim ənənələri, böyük tarixi və tarixi şəxsiyyətləri var. 1991-ci ildə biz müstəqilliyimizi bərpa etdik, lakin ilk müstəqil, demokratik respublika Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə yaradılmışdır. Bu, müsəlman dünyasının ilk demokratik respublikası idi. Müsəlman dünyasının ilk operası, ilk baleti, ilk teatrı Azərbaycanda yaradılmışdır və biz bununla fəxr edirik. Azərbaycan hər zaman dinlərarası birgəyaşayış, multikulturalizm, etnik və dini müxtəliflik məkanı olub. Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu hər iki təşkilatın yüzdən artıq üzvü var. Biz isə Avropa və Asiya arasında körpü rolunu oynayırıq. Bu, yalınız coğrafi deyil, mədəni, iqtisadi və siyasi körpüdür”.
Qeyd olunub ki, bu gün dünyada yaşanan böhranlara baxmayaraq, Azərbaycan sabit, dayanıqlı inkişaf edir: “Biz inkişafı davam etdirməyə sadiqik. Biz gələcək hədəflərimizi bilirik, Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirmək istəyirik və Azərbaycan meyarlarını ən yüksək beynəlxalq meyarlara çatdırmaq niyyətindəyik. Necə ki, biz ilk Avropa Oyunlarının standartlarını ən yüksəyə qaldırmağa çalışmışıq. Bu Oyunlar idmançılar, qonaqlar və Azərbaycana gəlmiş minlərlə insan üçün keçirilir. Mən əminəm ki, bu insanlar yenidən Azərbaycana gəlmək istəyəcəklər”.
Mərasimdə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki yüksək qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. O, Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edib.