“Bakı-2015” Avropa Oyunları ilə bağlı mədəniyyət proqramları çərçivəsində Polşanın Azərbaycandakı səfiri Marek Tsalka və həyat yoldaşı Malqojata Tsalka, məşhur polyak bəstəkarı Kşiştof Penderetskinin həyat yoldaşı, L.V.Betxoven adına Assosiasiyasının baş direktoru Eljbeta Penderetski Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət ediblər.

Xanım E.Penderetski Bakıya Avropa Oyunlarının açılış mərasiminə həsr olunan konsert proqramı ilə əlaqədar gəlib. Onunla bərabər Polşa dirijoru Marçin Nalenç-Neşyelovski və pianoçu Kjistov Yablonski də paytaxtımıza təşrif buyurub. Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Frederik Şopen, Voyçex Kilar və Qara Qarayevin musiqiləri səslənib.
Muzeyə ziyarət zamanı qonaqlar maestronun həyat və yaradıcılığı barədə dolğun məlumat alıblar. Direktor Şeyla Heydərova muzeyin tarixindən, M.Rostropoviçin Polşa ilə sıx əlaqələrindən söz açıb. Qeyd edilib ki, muzey Polşa səfirliyi ilə birlikdə 2013-cü ildə qeyd olunan “Vitold Lyutoslavski ili” ilə əlaqədar musiqişünas Yeji Stankeviçin “Lyutoslavski Qafqazda” adlı beynəlxalq layihəsinin təqdimatını keçirib. Məşhur polyak musiqiçiləri - violonçelist Y.Kalinovski və pianoçu M.Şlezerin də iştirak etdikləri həmin tədbirdə F.Şopen, V.Lyutoslavski, K.Penderetski, A.Şnitke və A.Piazzolla kimi dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib. Qonaqlara 2010-2011-ci illərdə L.və M.Rostropoviçlərin ev-muzeyinin görkəmli polyak bəstəkarı F.Şopenin 200 illik yubileyi ilə bağlı tədbirlərdə iştirakı barədə də məlumat verilib.
Öz növbəsində xanım Penderetski görüş zamanı iki dahi musiqiçinin - M.Rostropoviç və K.Penderetskinin böyük dostluğundan və yaradıcılıq əlaqələrindən söz açıb. Qeyd edib ki, K.Penderetski M.Rostropoviç üçün bir neçə əsər yazıb.
Qonaqlar muzeyin fondundakı Polşa ilə bağlı materiallarla - “K.Penderetski mükafatı” (1999), M.Rostropoviçin F.Şopen adına Varşava Konservatoriyasının doktoru adına layiq görülməsi ilə bağlı diplom, F.Şopen, A.Şnitke və başqalarının ifası olan disklər, kitablar, notlar və s. eksponatlarla maraqla tanış olublar.
Sonda Ş.Heydərova qonaqlara Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dahi musiqiçi M.Rostropoviçə həsr olunmuş “Böyük bakılı” kitabını hədiyyə edib.