“Zəhra xaladan sonra kor Adıgözəllə papaqçı Qulamhüseyn mənim ədəbiyyat müəllimlərim idi...”

Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşması və inkişafında akademik Məmməd Cəfər Cəfərovun müstəsna xidmətləri var. O, Azərbaycan mədəni-estetik fikrinin və ədəbi tənqidinin yeni yaradıcılıq keyfiyyətləri qazanmasına töhfələr verib.

Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərov 1909-cu il mayın 9-da Naxçıvan şəhərində anadan olub. Tale onu ilk gündən sınaqlara çəkir, erkən çağlardan valideynlərini itirir. Kiçik yaşlarından ağır zəhmətlərə qatlaşır. Dərzi yanında şagird kimi əmək fəaliyyətinə başlayır, çörək sexində çalışmalı olur (sonralar “Kündəgir” imzası ilə şeirlər də yazıb). Bütün bunlara baxmayaraq, həyat onun qarşısına yaxşı insanları çıxarır. Qonşuları Zəhra xanım ona analıq edir, uzun sürən qış gecələrində balaca Məmmədə nağıllar danışır. Papaqçı Qulamhüseyn Şərq nağılları, xüsusilə də klassik şairlər haqqında ona maraqlı məlumatlar verir. Beləliklə, onda ədəbiyyata maraq yaranır. Görkəmli alim xatirələrində yazır: “...Zəhra xaladan sonra kor Adıgözəllə papaqçı Qulamhüseyn mənim ədəbiyyat müəllimlərim idi”.
Naxçıvan ədəbi-mədəni mühiti də Məmməd Cəfərin formalaşmasına böyük təsir göstərir. Naxçıvanda məşhur səhnə ustaları müxtəlif tamaşalar göstərirdilər və onun xatirələrindən bəlli olur ki, ilk qələm təcrübəsi də pyes olub.
Məmməd Cəfər 1932-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirir. Bakıya gəlir, indiki Dövlət Pedaqoji Universitetinin ədəbiyyat fakültəsinə qəbul olunur. Eyni zamanda “Gənc işçi”, “Maarif işçisi” qəzetlərində çalışır. Sonra həmin institutun ərəb ədəbiyyatı kafedrasının aspiranturasında təhsil alır. Araşdırmalarda qeyd olunur ki, fransız şairi Volterdən yazdığı diplom işinə görə onu Parisə göndərmək istəyiblər. Lakin 37-ci il hadisələri buna mane olub.
Ədəbiyyatşünas dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli haqqında dəyərli tədqiqat əsərlərinin müəllifidir. 1941-ci ildə “Füzuli sevir” məqaləsini, 1959-cu ildə “Füzuli düşünür” monoqrafiyasını, 1960-cı ildə “Füzuli yaşayır” məqaləsini elmi ictimaiyyətə təqdim edən alim Füzulinin fəlsəfi dünyasını belə ifadə edir: “Füzuli sevir, Füzuli düşünür deməkdir. Aşiq Füzuli ilə mütəfəkkir Füzuli ancaq vəhdət halında alındığı zaman onu duymaq olur. Füzuli başqa cür dərk edilə bilməz... Biz Füzulinin böyük fikirlərini onun aşiqanə deyilmiş sözlərində axtarmalıyıq. Füzulinin aşiqanə sözləri, onun həkimanə sözləridir”.
Məmməd Cəfər Cəfərov 1960-cı ildə yazdığı “Hüseyn Cavid” monoqrafiyası ilə Cavidşünaslığın əsasını qoyub. Onu da qeyd edək ki, böyük şair-dramaturq 1956-cı ildə bəraət alsa da, sovet rejiminin milli düşüncə sahiblərinə mənfi münasibəti qalmaqda idi. Məmməd Cəfərin 1963-cü ildə işıq üzü görən “Azərbaycan ədəbiyyatında romantizm” monoqrafiyası isə bu sahədə əsas istiqamətləri müəyyənləşdirən sanballı elmi əsərdir. Təsadüfi deyil ki, sonralar romantizmə dair aparılan tədqiqatlarda bu əsər mühüm istinad nöqtəsi olmuşdur.
Alimin “Rus ədəbiyyatı tarixi oçerkləri” (1939), “Rus klassikləri” (1969) və üçcildlik “XIX əsr rus ədəbiyyatı tarixi” (1970, 1974) dərslikləri də bu istiqamətdə mükəmməl tədqiqatlar hesab olunur.
Məmməd Cəfər təkcə ədəbiyyatşünaslıq sahəsində tədqiqatları ilə məşhur olmayıb, o eyni zamanda estetika nəzəriyyəçisi və sənətşünas-filosof olub. Tədqiqatçının “Estetik zövq haqqında” (1965), “Mütəfəkirin şəxsiyyəti” (1966), “Estetik tərbiyə, ailə və məktəb” (1967), “Həyatın romantikası” (1968), “Nizaminin fikir dünyası” (1982) kitabları Azərbaycan fəlsəfi-estetik fikrinin ifadəsi baxımından dəyərli mənbələrdir.
O, Firidun bəy Köçərlidən sonra Azərbaycan ədəbiyyatşünaslıq elmində məktəb yaradan ikinci alim hesab olunur. Buna görə də AMEA-nın müxbir üzvü, mərhum Abbas Zamanov böyük alimi özünün müəllimi hesab edib: “Əgər milli ədəbi-bədii irsimizi özünü tam halda bir “mən”, bir şəxsiyyət, bir obraz halında təsəvvür etmək mümkün olsa idi, biz deyərdik ki, ədəbiyyatımızın “mən”i, şəxsiyyəti barəsində ən dolğun, ən kamil kitab da bütövlükdə Məmməd Cəfərin yaradıcılığıdır”.
Hazırda elmi ictimaiyyət bu qənaətdədir ki, akademik Məmməd Cəfərin yaradıcılığı sovet ideologiyasına yoluxmayan, müasir dövrdə də elmi əhəmiyyətini itirməyən dəyərli bir irsdir. Onun demokratik düşüncəsi, obyektiv mövqeyi haqqında AMEA-nın müxbir üzvü Tofiq Hacıyev yazır: “1981-ci il idi. Akademiyada respublika səviyyəsində bir elmi seminar keçirildi. Məmməd Cəfərin ona xas olmayan əsəbi şəkildə bir alimə üz tutub dediyi sözlər hələ də yaddaşımdan silinməyib: “Bu nə fikirdir söyləyirsən? Azərbaycanlıların türkləşməsi nə deməkdir? Məgər ermənilərin erməniləşməsi, gürcülərin gürcüləşməsi, rusların ruslaşması ifadəsi işlənir?” Əlbəttə, o dövrdə belə bir sərtliklə məsələni qabartmaq böyük cəsarət istəyirdi”.
Zəngin mənəviyyata malik olan alim həm də xeyirxahlıq mücəssəməsi olub. Tələbələri söyləyirlər ki, indiki Bakı Dövlət Universitetində dekan olarkən öz maaşını çox vaxt kasıb tələbələrə paylayıb. Nizami adına Ədəbiyyat İnstitutunda işlədiyi vaxtlarda da gənc həmkarlarına hər cür qayğı göstərib. Filologiya elmləri doktoru, professor Şamil Qurbanov xatirələrində yazıb: “Məmməd Cəfər müəllimin övladı yox idi. O, bütün tələbələri övlad kimi sevirdi. Dekan olduğu vaxtlarda hamının qeydinə qalırdı. Müəllim kimi isə tayı-bərabəri yox idi”.
Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçinin elmi redaktorluğu ilə Məmməd Cəfər Cəfərovun “Seçilmiş əsərləri” latın qrafikası ilə çap edilərək oxuculara çatdırılıb. Öz müəlliminə minnətdarlıq duyğusu ilə bu əsərləri çapa hazırlayan Xalq yazıçısı ona olan rəğbətini belə dilə gətirib: “Məmməd Cəfərin yaradıcılığı klassik və müasir ədəbiyyatımızın ədəbi-bədii təhlili və bundan da daha artıq dərəcədə ictimai fəlsəfi mündəricəsinin açılması baxımından qiymətlidir”.
Görkəmli alim 1992-ci ildə dünyasını dəyişib.

Savalan Fərəcov