İlk Avropa Oyunlarından bir günün təəssüratı
Ölkəmizin uğurla ev sahibliyi etdiyi, Azərbaycanın və “köhnə qitə”nin tarixinə yazılan “Bakı-2015” I Avropa Oyunlarının keçirildiyi arenalar 17 gün ərzində idmançıların hünər meydanına çevrildi. Müxtəlif ölkələri təmsil edən atletlər medallar uğrunda yarışarkən bu mənzərəni izləyənlər də mənəvi zövq aldılar...
49 ölkədən gələn nümayəndələr, turistlər vətənimizin gözəllikləri, özəllikləri ilə tanış olmaq imkanı əldə etdilər. Beləliklə, müxtəlif dilləri, dinləri, mədəniyyətləri birləşdirən Avropa Oyunları əsl zəfər bayramı, dostluq, qardaşlıq və sülhə çağırış rəmzinə çevrildi...
Könül xoşluğu yaradan könüllülər
İyunun 25-də, Oyunların 14-cü günündə boks yarışlarını izləmək üçün “Kristal Hall”a getmək qərarına gəldim. Məkana gedən avtobusun dayanacağını dəqiq bilmirəm. “Sahil” metro stansiyasında Oyunların könüllülərindən birinə yaxınlaşıram. Gülərüz və mehriban gənc “28 May” metrosu yaxınlığında “Ekspress” avtobusa minməyi məsləhət görür.
Artıq “Kistal Hall”dayam. Burada könüllülər çoxdur. Xidməti işlər üzrə, yolları işarə edənlər, tərcüməçilər və s. İlk qarşılaşdığım könüllü Könül Əliyevadır. Söhbətimiz zamanı bildirir ki, fevralın 1-dən hazırlıq prosesində iştirak edir. Tədbir xidmətləri üzrə çalışır və bu işi çox sevib.
Boks yarışlarını izləyirik. Arabir tamaşaçı zalını da gözdən keçirirəm. İdman azarkeşlərinin təmsilçilərimizi can-dildən dəstəklənməsini seyr etmək də xüsusi bir hisdir. Bu ara yaxınlıqdakı daha bir könüllü Ağasəf Kazımla həmsöhbət oluram. Deyir ki, Avropa Oyunlarına qoşulmaqda məqsədi təcrübə qazanmaqdır: “Azərbaycana gələn qonaqlar ölkəmiz haqqında ətraflı məlumat ala bilirlər. Ən çox xoşuma gələn də elə budur. Xaricdən gələn idmançılar bizimlə ünsiyyət zamanı müəyyən məlumat əldə edir, tarixi yerlərimiz haqqında suallar verirlər. Hətta elə olur ki, biz xaricdən gələn könüllülərlə birlikdə şəhərin tarixi məkanlarını gəzir, onları memarlıq abidələrimizlə tanış edirik”.
Yarışların keçirildiyi məkanda tamaşaçılara lazımi məlumatları çatdıran könüllülərdən biri də Sevinc İbrahimovadır. Bu günlər əsl bayram əhvalı yaşadığını bildirir. Gün ərzində yorğunluq keçirsə də, digər könüllülər kimi ölkəmiz üçün əlamətdar olan bir hadisədə iştirakından məmnundur. İnsanlarla ünsiyyət onun üçün bu iki həftədə çox asanlaşıb: “Hər zaman xarici dövlətlərdə könüllülərin olduğunu müxtəlif tədbirlərdə onların fəaliyyəti barədə məlumatlar əldə edirdik. Bu dəfə isə biz özümüz belə bir prosesin iştirakçısı olduq. Bundan böyük xoş hislər ola bilməz. “Bakı-2015” bizə təşkilatçılıq bacarığını öyrətdi”.
Bəli, könüllülərimiz paytaxtımıza gələn qonaqlara sübut etdilər ki, Azərbaycan gəncliyi sülhsevər və qonaqpərvər olmaqla yanaşı, həm də geniş intellektual səviyyəyə malikdir.
“Əsrarəngiz Azərbaycan koloriti yaddaşımdan silinməyəcək”
Boks yarışlarında finalçılar müəyyənləşəcək. Rinqdə Fransa və Böyük Britaniya təmsilçiləridir. Media nümayəndələri üçün nəzərdə tutulan bölmədə əyləşən əcnəbi həmkarlarıma yaxınlaşıram. Burada yenə ingilis dilinə tərcümədə köməyimə könüllülər çatır.
Aleks Steven Böyük Britaniyadandır. Bildirir ki, hər şey gözlədiklərindən də yaxşıdır: “Xüsusilə şəhəriniz və insanlar, həm də əla təşkilatçılıq. Burada olduğum ilk gündən insanların həssaslığı diqqətimi çəkib. Nəqliyyatda, yaxud küçədə bir nəfərin çətinlik çəkdiyini görəndə o dəqiqə yaxınlaşıb kömək edirlər”.
Daha bir həmsöhbətim irlandiyalı Stiv Rosedir. O, azarkeşlik edir, hərdən də yanındakı azərbaycanlı gənclərlə fikirlərini bölüşür. Qonaq bildirir ki, artıq neçə gündür yarışları izləyir. Eyni zamanda şəhərimizi gəzib. Azərbaycanın mətbəxi və musiqisi onu heyran edib. Düşünür ki, atletlərimiz ev sahibliyi məsuliyyətini hiss edib daha yaxşı hazırlaşıblar: “Əgər belə olmasaydı, komanda hesabında ikinci yerdə olmazdılar. Azərbaycan idmançılarına daha böyük uğurlar arzulayıram”.
Vill Doving İsveçdən gəlib. Bir çox dünya çempionatları və Olimpiya Oyunlarının açılışında iştirak edib. Oyunlardan, təşkilatçılıqdan və Bakıya səfərindən böyük zövq alır.
Mariya Lebedeva paytaxtımıza Rusiyadan gəlib. Bakıdan xoş təəssüratlarla ayrılacaq. Deyir ki, əsrarəngiz Azərbaycan zəngin koloriti ilə yaddaşından silinməyəcək: “Rəqslərinizi, musiqinizi çox bəyəndim. İçərişəhər isə lap çox xoşuma gəldi. Oyunların açılış mərasimini televiziya vasitəsilə izlədikdən sonra Bakıya səfər etməyə qərar verdim. Oyunları və bağlanış mərasimini canlı izləmək istəyirəm”.
Özümüzünkülər...
“Kristal Hall”ın həyətində yerli azarkeşlərə yaxınlaşıram. Onlar axşamkı final görüşünü səbirsizliklə gözləyirlər. Çünki boksçumuz Teymur Məmmədov rinqə çıxacaq. Böyük bir coşqu hissi var.
Gənclərdən Fərid Hüseynov öz təəssüratlarını bizimlə bölüşür: “Bütün xalqımızı təbrik edirəm. Avropa Oyunları ölkəmiz üçün böyük nailiyyətdir. Zalda bizimlə birlikdə Oyunları izləyən əcnəbilər də şahid oldular ki, xalqımız necə sülhsevər, tolerant və xeyirxahdır. Ölkəmizin nələrə qadir olduğunu sübut edirik”.
Onun dostu Elman isə bildirir ki, Azərbaycan üçün çox önəm daşıyan bir tədbirə şahidlik etmək bir gənc kimi onun üçün qürurvericidir. Bildirir ki, çalışdığı təşkilatda bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olub.
* * *
Tamaşaçılar arasında azyaşlıları da görürük. İlk Avropa Oyunları uşaqlara da sevinc bəxş edib. Yəqin ki, bu möhtəşəm idman bayramı onların yaddaşından heç zaman silinməyəcək, şirin bir xatirəyə çevriləcək...
Lalə