Ölkəmiz münaqişə zonalarında qanunsuz turizm fəaliyyətinin qarşısının alınmasında rəsmi Parisdən əməli dəstək gözləyir

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi Matias Feklin rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib.

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və gələcək perspektivlər müzakirə edilib. Əbülfəs Qarayev bildirib ki, Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində olduğu kimi, turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti, həyata keçirilən layihələr olduqca mühüm əhəmiyyət kəsb edir.
Görüşdə vurğulanıb ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir və bu mövqeyin davamı olaraq bütün məsələlərdə beynəlxalq hüquq normalarının əsas götürülməsi, o cümlədən Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində qurduğu separatçı rejim ilə Fransanın regionları arasında əməkdaşlıq cəhdlərinin qarşısının alınması vacibdir.
Əbülfəs Qarayev qeyd edib ki, bu ilin may ayında Xorvatiyada keçirilmiş Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyasında "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" adlı qətnaməyə dair qərarın qəbulunda Fransa tərəfinin dəstəyi təqdirəlayiqdir. Bununla yanaşı, həmin qərarın icrasının Fransada keçirilən turizm sərgilərində təmin edilməsi üçün bu ölkənin dövlət və özəl qurumları tərəfindən səylərin artırılması zəruridir.
Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq Azərbaycanla turizm sahəsində əməkdaşlığa maraq göstərdiklərini və bu istiqamətdə lazımi fəaliyyətin həyata keçirilməsinə hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə viza prosedurunun sadələşdirilməsi, turizm marşrutları, birgə infoturların təşkili, turizm menecmenti üzrə təhsil sahəsində əməkdaşlıq, mətbəx mübadiləsi layihələri kimi məsələlərə də toxunulub.