Mirzə Fətəli Axundzadənin 200 illiyinin qeyd olunması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əlaqədar görülən işlər çərçivəsində ölkəmizin Ukraynadakı səfirliyi dahi yazıçı və mütəfəkkirin seçilmiş əsərlərini Ukrayna dilində nəşr etdirib.
Səfirlikdən verilən məlumata görə, kitaba M.F.Axundzadənin həyat və yaradıcılığı barədə məqalələr, dahi mütəfəkkirin şeirləri, məktubları, “Aldanmış kəvakib” povesti, “Kəmalüddövlə məktubları” və dram əsərləri daxil edilib.
Kitabın tərcüməsinə Bakı Slavyan Universitetində müsbət rəy verilib, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, professor Kamal Abdullayev nəşrə əhatəli “Ön söz” yazıb. Kitabın tərcüməçisi tanınmış Ukrayna tədqiqatçısı Vasil Belotserkovski, redaktoru səfir Eynulla Mədətlidir.
Kitab “Dmitri Buraqo” nəşriyyatında azərbaycanlı iş adamı, Ukraynanın Sumı vilayət şurasının deputatı Əfqan Salmanovun maliyyə dəstəyi ilə işıq üzü görüb.