Azərbaycan Milli Kitabxanasının treninq mərkəzində keçirilən "Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi" proqramı çərçivəsində "ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21" kursu başa çatıb.

İyulun 6-dan 16-dək davam edən kurs regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən təşkil edilib.
Treninqin yekun tədbirində çıxış edən kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva ALİSA proqramının və MARC 21 formatının öyrənilməsinin və iş vərdişlərinin mənimsənilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Milli Kitabxananın və “Ultra” şirkətinin əməkdaşları bu 10 gün ərzində kursun səmərəli keçməsi üçün çox ciddi çalışıblar. Çünki region kitabxanalarında bu proqramın tətbiqi çox məsuliyyətli və vacib bir məsələdir. Gələcəkdə Milli Kitabxanada bu sistemin tətbiqi nəticəsində vahid məlumat bazasının yaradılması və Milli Kitabxananın xidmətlərindən onlayn şəkildə bütün rayon və şəhər MKS-nin oxucularının yararlanması mümkün olacaq. Kitabxanalarımızın dünya kitabxanalarının sırasına qoşulması üçün bu ilk addımdır.
Treninqin iştirakçıları Milli Kitabxanada gedən proseslərlə də yaxından tanış olub, yeni iş üsulları, yeni xidmət növləri barədə məlumat əldə ediblər. Sonda kursu mükəmməl başa vuran dinləyicilərə sertifikatlar təqdim edilib.