İyulun 20-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) milli mətbuatın 140 illik yubileyi münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Fondun icraçı direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini müqəddəs Ramazan bayramı və milli mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Fondun icraçı direktoru bildirib ki, müsabiqəyə 19 istiqamət üzrə 153 yazı təqdim edilib. Bu istiqamətlər üzrə birinci yer üçün 500 manat məbləğində bir mükafat, ikinci yer üçün 400 manat məbləğində iki mükafat, üçüncü yer üçün 300 manat məbləğində üç mükafat nəzərdə tutulub. Ümumilikdə qaliblər üçün 114 mükafat nəzərdə tutulsa da, üç istiqamət üzrə yazılar az (6 yerə 5 yazı) təqdim olunub və buna görə də 111 müəllif mükafatlara layiq görülüb.
Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Ekspertlərdən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli müsabiqəyə təqdim olunan yazılarda vətəndaşlıq mövqeyinin daha çox əksini tapmasını təqdir edib, ancaq yazılarda fərdi üsluba az rast gəlinməsini çatışmayan cəhət kimi qeyd edib. O deyib ki, jurnalistin yazılarda fərdi üslubu da müşahidə edilməlidir. Digər bir problem isə təqdim edilən yazılarda internet resurslarından çox istifadə edilməsidir.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu müsabiqələrə təqdim edilmiş yazılar barədə fikir və rəylərini bildiriblər. Ekspertlər jurnalistlərə Fondun təşkil etdiyi müsabiqələrə daha yaradıcı yanaşmağı, tədqiqatlara və analitik mövzulara, eləcə də orijinal yazılara üstünlük verməyi tövsiyə ediblər.
Tədbirin sonunda qalib jurnalistlərə mükafatlar təqdim edilib. Mükafatlandırılanlar arasında “Mədəniyyət” qəzetinin əməkdaşları Vüqar Əliyev və Fəxriyyə Abdullayeva da var.