İsrail parlamentində ölkəmizlə münasibətlərə həsr olunmuş iclas keçirilib
Yeni seçilmiş İsrail Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasına dair iclas keçirilib. Dostluq qrupuna yenidən rəhbərlik edən Knessetin deputatı, “İsrail - Evimizdir” Partiyasının rəhbəri, İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman iki ölkənin münasibətləri haqqında geniş məlumat verərək, bu əlaqələrin ölkəsi üçün əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, İsrail tələbatı olan neftin 65 faizini Azərbaycandan alır. İki ölkə arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib.
Azərbaycanda yəhudiliyin tarixindən danışan A.Liberman yəhudilərin müsəlman, eyni zamanda dünyəvi dövlət olan Azərbaycanda hər zaman rahat yaşadıqlarını, milli və dini ayrı-seçkiliyə məruz qalmadıqlarını vurğulayıb. Azərbaycanda doğulub yaşayan çox sayda yəhudi alim, mədəniyyət xadimi, müxtəlif sahələrdə tanınmış mütəxəssislərin adları sadalanıb. Azərbaycanda hazırda fəaliyyətdə olan yeni və köhnə sinaqoqların olduğu, müstəqillik illərində yəhudi məktəblərinin, mədəniyyət mərkəzlərinin açıldığı bildirilib.
İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri Oded Qosef iki ölkə arasında diplomatik əlaqələrin tarixindən, mədəniyyət sahəsində birgə layihələrin hazırlanmasından danışıb.
Azərbaycan - İsrail Assosiasiyasının (Azİz) baş direktoru Lev Spivak isə Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsindən, ölkə torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından bəhs edib. O, deputatların diqqətinə çatdırıb ki, İsrail Knessetində qondarma “erməni soyqırımı”nın tanınmasına dair müzakirə cəhdləri hər dəfə Azərbaycanda böyük narahatlıqla qarşılanır. O, Knesset üzvlərindən mümkün qədər bu mövzuda açıqlamalar verməkdən çəkinməyi xahiş edib.