Fransanın Kolmar şəhərində Azərbaycana həsr olunan tədbirlər keçiriləcək

Bu il mayın 19-da Azərbaycanın Şəki şəhəri ilə Fransanın Kolmar şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb və bununla da təməli 2013-cü ildə qoyulmuş əlaqələr daha da möhkəmləndirilib.
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Kolmar meriyası ilə birgə sentyabrın 7-dən 12-dək bu şəhərdə təşkil edəcəyi mədəni tədbirlər iki ölkə arasında mədəni əlaqələrə yeni töhfə olacaq. Çünki mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran və onların arasındakı dialoqu möhkəmləndirən ən güclü vasitədir. TEAS-dan bildiriblər ki, sentyabrın 7-də Azərbaycanın tanınmış caz ifaçısı Emil Əfrasiyab Kolmar Caz Festivalının 20-ci buraxılışının açılış konsertində çıxış edəcək. Konsert yerli “TV7” kanalı ilə canlı yayımlanacaq. Emil Əfrasiyab konsertdə fransız musiqiçilərindən ibarət kvartetlə - Rafael Pannier (zərb alətləri), Antuan Katz (bas) və Aleksandr Madlinlə (saksofon) birgə çıxış edəcək. Azərbaycanlı cazmen bu kvartetlə TEAS-ın dəstəyi ilə bu il Parisdə keçirilən məşhur “Jazz a Saint-Germain-des-Pres” və Reims şəhərində təşkil olunan “Sunnyside” festivallarında çıxış edib.
Sentyabrın 8-dən 12-dək Kolmar şəhərinin Edmond Gerrer adına mediatekasında isə “Azərbaycan obyektivdə” adlı fotosərgi keçiriləcək. Sərginin məqsədi Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi və ictimai həyatının müxtəlif cəhətlərini yerli sakinlərə tanıtmaqdır. Sərgidə nümayiş olunan şəkillər TEAS tərəfindən 2012-ci ildə təşkil olunmuş eyniadlı fotomüsabiqənin məhsuludur.
Xatırladaq ki, 150-dən çox fotoqraf həmin müsabiqəyə 750-dək foto göndərib. Münsiflər heyəti “Conde Nast Traveller” jurnalının foto direktoru Karolin Metkalf və məşhur fotoqraf Henri Dallaldan ibarət olub.