Konfransda Azərbaycan dilinin saflığı naminə jurnalistlərin qarşısında duran vəzifələrdən söz açılıb
Avqustun 5-də Lənkəran şəhərindəki Mədəniyyət Mərkəzində “Mətbuatda ədəbi dilin qorunmasi: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyəti və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə cənub bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, dilçi alimlər, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev rayonda KİV nümayəndələri üçün yaradılan şəraitdən, Azərbaycan dilinin saflığının qorunması naminə jurnalistlərin qarşısında duran vəzifələrdən danışıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Lənkəranda 10-a yaxın kütləvi informasiya vasitəsinin fəaliyyət göstərdiyini vurğulayıb. Şura sədri Azərbaycan ədəbi dilinin mətbuatda işlənməsi mövzusuna həsr olunan konfransların bundan sonra Şəki və Qubada keçiriləcəyini bildirib, medianın üzərinə düşən mühüm vəzifələri diqqətə çatdırıb.
Mətbuat Şurasının monitorinq qrupunun rəhbəri İlham Abbasovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, Azərbaycan ədəbi dilinin qorunması, inkişafı və düzgün tətbiqi dövlətimizin prioritet istiqamətlərindən biridir. Azərbaycan dili böyük bir inkişaf yolu keçmiş qədim dillərdən biridir. Qeyd olunub ki, 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. 1995-ci ildə qəbul edilmiş və ümummilli liderimizin müəllifi olduğu Əsas Qanunumuzun 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi yenidən təsdiqləndi. Son 10 ildə isə Prezident İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan dili ilə bağlı 20-dən artıq normativ sənəd qəbul olunub.
İ.Abbasov Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması, Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi və digər məsələlər barədə də məlumat verib.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.