Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova 12-15 avqust tarixlərində ABŞ-ın Nyu-York şəhərində yerləşən Fordham Universitetində Söz və Musiqi Öyrənilməsi Assosiasiyasının təşkil etdiyi 10-cu beynəlxalq elmi konfransda iştirak edib.

O, beynəlxalq konfransda “Roman, qravüralar, kino, musiqi: Qara Qarayevin “Don Kixot” simfonik qravürlərinin adı üzərində düşünərkən” mövzusunda 45 dəqiqəlik çıxış edib.
Söz və Musiqi Öyrənilməsi Assosiasiyası 1997-ci ildə yaradılıb və 26 ölkədən üzvləri var. Alla Bayramova 2013-cü ildən bu təşkilatın Azərbaycandan olan yeganə üzvüdür.
Konfrans “Metropolitan Opera”da və Fordham Universitetinin əsas binasında keçirilib. ABŞ-da səfərdə olan dahi bəstəkar Qara Qarayevin qızı Züleyxa xanım Qarayeva-Bağırova, onun həyat yoldaşı, dirijor Elşad Bağırov və onların iki dostu da Alla Bayramovanın çıxışını izləməyə gəliblər.
Tədbirdə Fordham Universitetinin professoru Lorens Kramerə və universitetin kitabxanasına Azərbaycan mədəniyyətini və musiqisini təbliğ edən nəşrlər, o cümlədən, “Qara Qarayev: həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabı və CD-lər hədiyyə edilib.
Alla Bayramova Metropolitan İncəsənət Muzeyinin musiqi alətləri şöbəsinin dəvəti ilə muzeyi ziyarət edib, ekspozisiya və iş otaqlarında olub. Şöbə müdiri Kennet Mur və kurator Bredli Ströyçen-Şrerer ilə görüşdə fikir mübadiləsi aparılıb.
A.Bayramova ekspozisiyada nümayiş etdirilən Azərbaycan musiqi alətləri (saz, tar) haqqında amerikalı həmkarlarına ətraflı məlumat verib.