Avqustun 21-də Azərbaycan Milli Kitabxanasında ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevin (1930-2012) anadan olmasının 85 illiyi ilə bağlı kitab sərgisinin açılışı keçirildi.
Kitabxananın direktoru Kərim Tahirov giriş sözündə Bəkir Nəbiyevin böyük tənqidçi, nüfuzlu ədəbiyyatşünas alim kimi tanındığını dedi. Bildirdi ki, Milli Kitabxananın yaxın dostu olan alim ömrünün sonunadək bu elm ocağına tez-tez baş çəkirdi.
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli bildirdi ki, Bəkir Nəbiyev görkəmli söz adamı, eyni zamanda böyük sözə qiymət verən insan idi: "O, ədəbiyyatşünaslıq elmində aparıcı bir mütəxəssis kimi tanınanda biz hələ əlimizə yenicə qələm alıb, ilk yazılarımızı yazırdıq. Bəkir müəllim mənim də gənc yaşlarımda yazdığım şeirlərə öz tənqidi fikirlərini bildirmişdi".
Vaqif Bəhmənli Azərbaycanda ədəbi tənqidin inkişafında Bəkir Nəbiyevin xüsusi rolunun olduğunu vurğuladı. Akademikin yorulmaz elmi axtarışları nəticəsində çap olunan əsərlərinin hər zaman aktual olaraq müəllifinə əbədiyaşarlıq gətirdiyini bildirdi.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı, institutun əməkdaşları - professorlar Qəzənfər Paşayev və Tehran Əlişanoğlu çıxış edərək alimin həyat və fəaliyyətindən geniş söhbət açdılar. Bəkir Nəbiyevi böyük müəllim, yaxşı dost kimi xarakterizə edərək, onunla bağlı xatirələrini bölüşdülər.
Alimin ailəsi adından çıxış edən qızı Leyla İmanova tədbirin keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.
Sonda tədbir iştirakçıları "Bəkir Nəbiyev-85" adlı kitab sərgisi ilə tanış oldular. Sərgidə alimin Azərbaycan və rus dillərində çap olunmuş əsərləri, haqqında yazılan və "ön söz" yazdığı, redaktoru olduğu kitablar nümayiş olunur.

Fariz Hüseynov