Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli ədəbiyyatşünas alim, tənqidçi, tərcüməçi, pedaqoq, bu il 110 illik yubileyi qeyd olunan akademik Məmməd Arif Dadaşzadənin yaradıcılığına həsr olunmuş elmi seminar keçirilib.
Muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Göyərçin Mustafayevanın “Məmməd Arifin elmi-tənqidi fikirləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə M.Arifin şeir, dramaturgiya, roman janrının yaradıcılıq problemləri, M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, M.Ə.Sabir, S.Vurğun, C.Cabbarlı irsi, üslubu haqqındakı dəyərli tədqiqatları, görkəmli alimin ədəbi tənqidin fundamental inkişafı yolundakı xidmətləri əhatə olunub. Həmçinin mütəfəkkir alimin rus ədəbiyyatına dair dəyərli əsərləri, tərcümələri haqqında da ətraflı məlumat verilib.
Tədbirdə filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli, elmi işçilərdən Tutu Məmmədova, Solmaz Azadova və digərləri çıxış edərək görkəmli alimin yaradıcılığından, nəşr olunan əsərlərindən söz açıblar.