“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi qədim dövrlərdən bu günə qədər yazıb-yaratmış Azərbaycan qadın şairlərinin seçilmiş əsərlərini ingilis dilinə tərcümə edərək kitab şəklində nəşr etdirməyi planlaşdırır.

Poeziya antologiyasına Məhsəti Gəncəvi, Heyran xanım, Xurşudbanu Natəvan və başqa onlarla klassik müəllifin, eləcə də sovet dövründə yazıb-yaratmış qadın şairlərin şeirləri daxil ediləcək. Kitab ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərə, səfirliklərə hədiyyə olunacaq, nəşrin elektron versiyası internet resurslarında yerləşdiriləcək.
Layihənin məqsədi ingilisdilli oxucuları Azərbaycan qadın ədiblərinin yaradıcılığı ilə tanış etməkdir. Şeirləri ingilis dilinə azərbaycanlı tərcüməçilər çevirir, sonradan bu nümunələr ABŞ-ın Lüter Universitetinin müəllimi, şair və tərcüməçi Əlison Məndəvil tərəfindən redaktə olunaraq işlənilir.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin (ADU) professoru Şəhla Nağıyeva bildirib ki, Əlison Məndəvil Azərbaycan ədəbiyyatının dostu və vurğunu olduğu üçün bu işi böyük həvəslə yerinə yetirir. O, 2007-2008-ci illərdə Fulbrayt Proqramının təqaüdçüsü kimi ADU-da Azərbaycan ədəbiyyatı və gender məsələləri üzrə tədqiqat aparıb.
Layihəyə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının katibliyi yaxından dəstək verir. “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi 2007-2008-ci illərdə UNESCO-nun maliyyə dəstəyi ilə son 30 ildə Azərbaycan dilindən xarici dillərə (rus, ingilis, alman, fransız, ərəb və fars) və xarici dillərdən Azərbaycan dilinə edilmiş tərcümə əsərlərinin biblioqrafik məlumat kataloqunu tərtib edib. Kataloq və son illərin tərcümə əsərlərinin elektron mətnlərindən ibarət kiçik kitabxana www.translit.az saytında yerləşdirilib. İctimai Birlik həmçinin Azərbaycanın müasir qadın yazıçılarının əsərlərindən ibarət “Buta-1” və “Buta-2” antologiyasını ingilis dilində nəşr edib.