Mingəçevir Dövlət Dram Teatrı mövsümü “Subaylarınızdan görəsiniz” tamaşası ilə başa vurub.
İyulun 18-də nümayiş olunan tamaşadan əvvəl səhnəyə çıxan teatrın direktoru Əməkdar artist İntiqam Soltan 56-cı mövsümdə sənət ocağının uğurlarından danışıb.
Qeyd edilib ki, kollektiv daxili qastrol səfərlərində olub. “Varlı qadın”, “Zamanın rüzgarı”, “Odunçunun nağılı”, “Tık-tık xanım”, “Qoğalın nağılı” və “Göyçək Fatma” tamaşaları Oğuz, Zaqatala, Yevlax, Kürdəmir, Ucar, Ağdaş və Göyçay rayonlarında uğurla nümayiş etdirilib.
Sonra Xalq artisti Valeh Kərimovun quruluşunda İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” tamaşası təqdim olunub.
Səhnə əsərinin quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçıları Gülcahan Yusifova və Elnur Rəsulovdur.
Tamaşada Afət Əliyeva, Asim Məmmədov, Turqut Məsimli, Aytən Gəncəli, Vəfa İsmayılova, Elvin Əkbərli, İbrahim Salamov, Arif Əhmədov və Ruhəngiz Abdullayeva çıxış ediblər.
Səhnə əsəri alqışlarla qarşılanıb.